Cihan Özqara: «Yaxın zamanda öz qərarımı verəcəm» - MÜSAHİBƏ
AFFA-nın yüksək səviyyədə apardığı seleksiya işləri bəhrəsini verməkdədir. Belə ki, Dubayda keçirilmiş təlim-məşq toplanışında milli komandamızın heyətində daha bir istedadlı futbolçu debüt etdi. Bu, «Sivasspor» klubunun hücumçusu Cihan Özqara idi. Türkiyədə öz bacarığı ilə azarkeşlərin rəğbəti qazanmış forvardın Azərbaycan futboluna da böyük töfhə verəcəyi ehtimal olunur. Gənc hücumçunun paytaxtımıza ayaq açması qardaş ölkəni narahat edib. Qonşularımız azərbaycan əsilli futbolçunulu itirmək istəmirlər. Dubayda «İdman» qəzeti və idman.com.az saytının əməkdaşına verdiyi müsahibədə Cihan deyib ki, onun hər 2 milli komanda çıxış etmək çox xoşdur və bu ona fərq etmir.

- Digər futbolçulardan fərqli olaraq, yığma komandamızın düçərgəsinə gec qoşuldun. Bunun səbəbi nə idi?
- Toplanışa gec gəlməli oldum. Sadəcə, belə alındı. Dubayda hava çox istidir. Mən isə buraya soyuq bir yerdən gəlmişəm. Ancaq heç bir problem yoxdur. Milli komandanın düşərgəsinə ilk dəfə qatılmıram. Berlindəki hazırlıqda da vardım. Bütün oyunçular bir-biri ilə mehribandırlar. Məşqlərimizə yüksək səviyyəli məşqçilər nəzarət edirlər. Ona görə də Azərbaycan yığmasının düşərgəsində olmaqdan məmnunam. Kollektivə gec qoşulsam da, uyğunlaşma problemi çəkmədim. Hamı kimi, mən də məşqlərdə var gücümlə iştirak edirəm. Bütün oyunçular lazımi formadadırlar.

- «Sivasspor» klubunda vəziyyətin necədir?
- «Sivasspor»da işlərim çox yaxşı gedir. Çempionluğa oynayırıq. Bu cür komandada çıxış etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Həqiqətən də, keyfiyyətli, əsl kollektiv oyunu göstəririk. Əlimdən gələni edirəm ki, məşqçilərimin etimadını doğruldum və onları utandırmayım. Bir sözlə, həm mənim, həm də komandamın işləri qaydasındadır. İnşallah, bundan sonra daha da yaxşı olacaq.

- Mətbuatda belə söz-söhbət gəzir ki, sən sonda Azərbaycan yığmasını deyil, Türkiyə millisini seçəcəksən. Deyilənlər nə dərəcədə həqiqətəuyğundur?
- Əvvəlcə onu qeyd edim ki, çox maraqlı mövzuya toxundunuz. Həm Azərbaycan, həm də Türkiyə tərəfinin mənimlə maraqlanması qürurvericidir və bu mənim üçün çox xoşdur. Qərarı hələ ki, tam olaraq qəbul etməmişəm. Odur ki, bunu indii müzakirə etmək fikrində deyiləm. Hər iki ölkə mənim üçün əzizdir. Bu mənada, qəbul edəcəyim qərar normal qarşılanmalıdır. Unutmayaq ki, biz idmançıyıq, peşəkarıq. İnşallah, doğru bir qərar verərəm. Əmin ola bilərsiniz ki, Azərbaycana sevgim və hörmətim böyükdür.

- Razılaş ki, Azərbaycan yığması ilə müqayisədə Türkiyə millisində heyətə düşmək daha çətindir. Çünki bizimlə müqayisədə orada rəqabət daha böyükdür. Yəni, real götürdükdə, Azərbaycan yığmasında tanınmaq ehtimalın daha yüksəkdir...
- Rəqabət hər yerdə var. Təkcə futbolda deyil, idmanın digər sahələrində də rəqabət mövcuddur. Hazırda Türkiyənin ən güclü hücumçusu Burak Yılmaz hesab olunur. “Trabzonspor”un forvardı Superliqada demək olar ki, hər oyunda qol vurur. Təbii ki, onunla rəqabət aparmaq asan iş deyil. Amma sağlam mübarizə olan yerdə inkişaf da olur. Məni yalnız karyera maraqlandırır. İndi vacib olan budur. Yaxın zamanlarda öz qərarımı açıqlayacam.

- «Sivasspor»un heyətində öz çıxışını necə xarakterizə edərdin?
- Bəzi matçlarda əsas heyətdə meydançaya çıxdığım halda bəzilərində oynamadım. Bu da əsasən zədəli və cəzalı olduğum ərəfələrə təsadüf etdi. Əsas odur ki, “Sivasspor”un işləri pis getmir. Heyətimiz təcrübəli və istedadlı gənc futbolçuların vəhdətindən təşkil olunub. Hələ ki yaşım azdır. İnanıram ki, zaman keçdikcə əsas heyətdəki yerimi möhkəmləndirəcəyəm.

- Yəqin ki, gələcək karyeranla bağlı indidən planlar cızırsan. Söhbət klub karyerasından gedir. Maraqlıdır, hansı klubda oynamağı hədəfləyirsən?
- Hazırda düşündüyün yeganə klub «Sivasspor»dur.

- Superliqanın cari mövsümündə hansı komandanı çempionluğa bir nömrəli namizəd hesab edirsən?
- Hazırda turnir cədvəlinə «Qalatasaray» başçılıq edir. Ancaq indidən demək olmaz ki, çempion məhz “Qalatasaray” olacaq. Çünki qarşıda “pley-of” mərhələsi var. Əsas mübarizə məhz bu mərhələdə gedəcək.

- «Sivasspor»la Azərbaycan yığmasının məşqləri yəqin ki, bir-birindən fərqlənir. Əgər elədirsə, fərq nədədir?
- Öncə onu qeyd edim ki, «Sivasspor» Türkiyə futbolunu təmsil edir. Azərbaycan yığmasının isə öz oyun və məşq üslubu var. Yaddan çıxarmayın ki, milli komandanıza alman mütəxəssis rəhbərlik edir. Reallıqda Almaniya, Türkiyə və Azərbaycan futbolları bir-birindən xeyli fərqlənirlər. Qısası, ora ayrı, bura ayrı. Təbii ki, fərqlər çoxdur. Həm məşqlərin keçirilməsində, həm də digər məsələlərdə bu hiss olunur. Ancaq bu, tam normal haldır.

Kamran HACI



Xəbər 993 dəfə oxundu.