Şəhidlərimizin xatirəsinə həsr olunmuş turnirin qalibləri bəlli oldu
Qazax Olimpiya İdman Kompleksində aprel döyüşlərində şəhid olmuş Orucov Mühüd Qurban oğlu, Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş mini futbol turniri başa catıb. Qazax Olimpiya İdman Kompleksində keçirilən final tədbirində idarə, müəssisə və təşkilat rəhbərləri, idmançılar, gənclər, "N" saylı hərbi hissənin əsgərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları öncə aprel döyüşlərində həlak olmuş bütün şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Turnirin keçirilməsində əsas məqsəd rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkili, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.

Hər üç şəhidin valideyni – Qurban Orucov, Məmməd Namazov və Məhəmməd Əliyev çıxış edərək övladlarının xatirəsini əziz tutduqlarına, yaddan çıxarmadıqlarına görə əməyi keçən hər kəsə ailələri adından öz dərin minnətdarlıqlarını çatdırıblar.

Məlumat üçün bildirək ki, 10 gün ərzində gərgin idman mübarizəsi şəraitində keçən turnirdə ümumilikdə Qazax və Ağstafa rayonlarından 22 komandanın 220 idmançısı iştirak edib. Final qarşılaşması “N” saylı hərbi hissənin “Hərbçilər” və Ağstafa rayonundan olan “Qarabağ” komandası arasında olub.

Qalib komanda adına isə 6:3 hesabı ilə “Hərbçilər” komandası layiq görülüb.
Sonda müxtəlif nominasiyalar üzrə turnirdə iştirak edən idmançılara Diplom və medal təqdim olunub. Tədbirin yaddaqalan məqamlarından biri də o olub ki, qalib komandanın üzvləri qazandıqları medalları şəhidlərimizin analarına təqdim ediblər.

Xəbər 552 dəfə oxundu.