Milad Beigi Harçeqani taekvando üzrə Bakı Qran-prisində qızıl medal qazanıb (YENİLƏNİB)
Milad Beigi Harçeqani final qarşılaşmasını da uğurla başa vuraraq taekvando üzrə Bakı Qran-prisinin qızıl medalını qazanıb. Finala gedən yolda bütün rəqiblərini tam üstünlüklə məğlub edən idmançımız həlledici döyüşdə misirli Seif Eissaya çətinlik çəkmədən qalib gəlib.

Yarımfinalda meksikalı Rene Lizarraqa ilə üz-üzə gələn taekvandoçumuz Milad Beigi Harçeqani bu döyüşdə də rəqibinə şans verməyib. Çıxışını vaxtından əvvəl qalibiyyətlə tamamlayan idmançımız finala adlayıb.

Təcrübəli taekvandoçumuz M.Harçeqani dörddəbir final görüşündə də qələbə qazanıb. Koreya Respublikasından olan Heyeon-Vu Kim ilə qarşılaşan idmançımız döyüşü böyük hesablı qələbə ilə vaxtından əvvəl başa vuraraq yarımfinala yüksəlib.

Millimizin üzvü Roman Samodurov ilk görüşündə koreyalı idmançı Tae-hun Kimə məğlub olaraq mübarizəni erkən dayandırıb.

Taekvandoçumuz Milad Beigi Harçeqani beynəlxalq turnirə qələbə ilə başlayıb. Səkkizdəbir finalda avstriyalı Hayder Şkaranı tam üstünlüklə məğlub edən M.Harçeqani növbəti mərhələdə Heyeon-Vu Kim (Koreya Respublikası) ilə qarşılaşacaq.

İki gün davam edəcək turnirin ilk günündə Azərbaycan yığma komandasının iki üzvü mübarizəyə qoşulacaq. “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqaninin (80 kq) ilk mərhələdə - səkkizdəbir finalda rəqibi avstraliyalı Hayder Şkara olacaq.

Millimizin gənc üzvü Roman Samodurov (58 kq) isə çəkisində reytinq cədvəlində ilk pillədə yer alan Koreya Respublikasının təmsilçisi Tae-hun Kim ilə döyüşəcək.

Yarışın ikinci günündə millimizin heyətində Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq) və Radik İsayev (80 kq-dan yuxarı) mükafatlar uğrunda yarışacaqlar.

Yarışda hər çəki dərəcəsi üzrə Dünya Taekvando Federasiyasının (DTF) Olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparır.

Turnirdə 47 ölkədən 128 taekvandoçu qüvvəsini sınayır. Onların arasında “Rio-2016”nın və bir sıra turnirlərin medalçıları da yer alır. Yarış DTF-nin 45 hakiminə həvalə olunub. Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edirlər.

“G8” kateqoriyalı turnirdə qızıl medal qazanan taekvandoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28,8 xal qazanacaq.

Yarışın qaydalarına əsasən, birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq 6 min, 3 min və min ABŞ dolları məbləğində pul mükafatı nəzərdə tutulub.

Xəbər 1188 dəfə oxundu.