Qazaxda şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol turniri başa çatıb
Qazaxda rayon icra hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qəhrəmanlar unudulmur” adlı layihə çərçivəsində keçirilən mini futbol üzrə açıq rayon turniri başa çatıb.

Qazax Olimpiya İdman Kompleksində keçirilən final tədbirində idarə, müəssisə və təşkilat rəhbərləri, idmançılar, gənclər, N saylı hərbi hissənin əsgərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Gəncliyin təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin təşkilatçısı Azər Əliyev çıxış edərək bildirib ki, turnir aprel döyüşlərində şəhid olmuş Orucov Mühüd Qurban oğlunun, Namazov Elvin Məmməd oğlunun və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunub. Turnirin keçirilməsində əsas məqsəd isə rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkili, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.

On gün gərgin idman mübarizəsi şəraitində keçən turnirdə, ümumilikdə, Qazax və Ağstafa rayonlarından 22 komanda iştirak edib.

Final qarşılaşması N saylı hərbi hissənin “Hərbiçilər” və Ağstafa rayonundan olan “Qarabağ” komandası arasında olub. “Hərbiçilər” komandası I , “Qarabağ” komandası II, Qazax Dövlət Sosial İqtisadi Kollecinin “Kollec-1” komandası isə III yerə çıxıb.

Qalib komandalar mükafatlandırılıb.

Xəbər 792 dəfə oxundu.