“BİR” Tələbə-Könüllü Proqramı və AFFA arasında memorandum imzalanıb
Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb.


Tədbir Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanovun və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədovun iştirakı ilə Bakı Olimpiya Stadionunda keçirilib.

Qeyd edək ki, anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Memorandumun şərtlərinə əsasən, “BİR” Tələbə-Könüllü Proqramına daxil olan ali təhsil müəssisələrində AFFA tərəfindən həyata keçirilən yerli və beynəlxalq tədbirlərdə könüllülərin iştirakının təmin edilməsi və onların təlimləndirilməsi, inkişaf etdirilməsi nəzərdə tutulub.

“Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunacaq, onlara “əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et və Zövq Al) özündə birləşdirən layihə təqdim edir. “Bir” Tələbə-Könüllü Proqramına qoşulmaq üçün tələbələr www.konullu.edu.az portalından qeydiyyatdan keçə bilərlər.

Xəbər 846 dəfə oxundu.