“Bakı 2020”-yə dəstək gənc fotoqraflardan gəlir
Gənclər və İdman Nazirliyi mart ayı ərzində 16-29 yaşlı gənclər arasında “Biz birlikdə bacararıq” şüarı altında foto-müsabiqə keçirir. Müsabiqə 2020-ci il Yay Olimpiya Oyunlarına namizəd olan Bakı şəhərinə dəstək çərçivəsində gerçəkləşir.
Rəqabətdə 1-ci yer 400 manat, 2-ci yer 300 manat, 3-cü yer qalibi isə 2 nəfər iştirakçı olmaqla 200 manat pul mükafatı və diplomlarla təltif olunacaq. Təqdim olunan fotoşəkillər www.baku2020.com saytında nümayiş olunacaq.

Fotoşəkillərin məzmununa gəldikdə, onlar Azərbaycanın zəngin mədəniyyətini, idman infrastrukturunun inkişafını, təbii irsinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunmasını, ölkənin idman sahəsində qazandığı uğurları əks etdirməlidir.
Müsabiqədə iştirak etmək arzusunda olan gənclər fotoşəkilləri photo@baku2020.az elektron ünvanına göndərə bilər. Müsabiqənin şərtlərinə gəldikdə isə hər bir iştirakçı yalnız 5-dək fotoşəkil təqdim edə bilər və təqdim olunan hər bir fotoşəkilin adı qeyd olunmalıdır. Bununla yanaşı iştirakçılar özləri haqqında məlumatları da ( adı, soyadı, təvəllüd, telefon nömrəsi) əlavə etməlidirlər.

Xəbər 1150 dəfə oxundu.