Masallıda yunan-Roma güləşi üzrə respublika turniri keçirilib
Masallı Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası, Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Əməkdar Məşqçı, SSRİ idman ustası, Masallı güləş məktəbinin yaradıcısı, tanınmış pəhləvan Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXII ənənəvi respublika turniri keçirilib.

Turnirin açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev, rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində görülən işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışaraq, yarış iştirakçılarına qələbə sevinci arzulayıblar.

İki gün davam edən turnirdə respublikanın uşaq-gənclər idman məktəblərini, idman cəmiyyətlərini və idman klublarını təmsil edən 15-dən çox komandanın 250 idmançısı qələbə uğrunda mübarizə aparıb.

Qaliblər diplomlar, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1209 dəfə oxundu.