MY Yay Futbol Məktəbinin 6 məzununa sertifikat təqdim olundu
Bu gün “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinin qalibləri ilə görüş keçirilib. Bu məqsədlə Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirə qatılan AFFA-nın baş katibi Elxan Məmmədov layihə haqda məlumat verərək bildirib ki, “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinə seçimlər bu dəfə Bakı şəhərini əhatə edib:

“Mançester Yunayted” Yay Futbol Məktəbi ölkəmizdə uşaq futbolunun inkişafında və kütləvi futbolun təbliğində vacib rol oynayır. Bakıda təşkil olunan məşqlərdə fərqlənmiş uşaqlar İngiltərənin Mançester şəhərinə səfər etmək, Old Trafford stadionunda olmaq, "Mançester Yunayted" klubunun düşərgəsində bir müddət vaxt keçirmək imkanı əldə edir və bütün bunlar uşaqların futbola sevgisini artırmaqla yanaşı, yaddaşlarına silinməz xatirələr həkk edir. Bu layihənin uzun illər ərzində davam edəcəyinə ümid edirik”.

Daha sonra Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mick Bennett seçim prosesi haqda danışaraq daha çox uşaqların texniki xüsusiyyətlərini sınaqdan keçirməklə kifayətlənmədiklərini, onların insani keyfiyyətlərinə də diqqət yetirdiklərini vurğulayıb: “Həm də anlaşmaya əsasən hər dəfə Mançester şəhərinə 5 futbolçu göndərirdik. Bu dəfə AFFA və Bakcell şirkətinin razılığı əsasında Bakıdakı MY Futbol Məktəbindən də 1 uşağa “xəyyallar şəhəri”nə yollanmaq imkanı yaratdıq”.

Mətbuat konfransı başa çatdıqdan sonra Bakıda təşkil olunmuş “Mançester Yunayted” Yay Futbol Məktəbində təlim zamanı ən yüksək nəticə göstərən 6 uşağa Mançesterə səfər etmək hüququnu verən sertifikat təqdim edilib.

Xatırladaq ki, 10-15 dekabr tarixləri arasında olacaq səfər zamanı istedadlar “Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləyəcəklər. Səfərlə əlaqəli xərclər Bakcell şirkəti tərəfindən qarşılanır.

Qeyd edək ki, bu ilin sentyabrında “Mançester Yunayted” Yay Futbol Məktəbində “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplanışında AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 uşaq iştirak edib. Təlim-məşq toplantısının bütün iştirakçılarına “Mançester Yunayted” klubu tərəfindən xüsusi sertifikat təqdim olunub və ən yaxşı nəticələr nümayiş etdirən 6 məzun Mançesterə səfər etmək imkanına sahib olub.

Hazırda Bakı Olimpiya Stadionunda daimi fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində 98 uşaq futbol üzrə bilik və bacarıqlarını artırırlar. Onlardan 6 nəfər bu yay təşkil edilən Mançester Yunayted Yay Futbol Məktəbinin məzunlarıdır. Məktəbin “Manchester United Baku” komandası isə U-13 liqasında oynayır və layiqli nəticələr nümayiş etdirir.

Xəbər 693 dəfə oxundu.