Meydanda və ondan kənarda çempionata bərabər oyun

Qeyri-peşəkarlığın fəsadları futbolumuza böyük zərbə vura bilər


Milli futbol çempionatında 13-cü turun son oyunu yarışın ən prinsipial iki komandasının fasilə ərəfəsində son tet-a-tet dueli olmaqla yanaşı, həm də qış hazırlığına kimin hansı statusda yollanmasının əyani göstəricisi olmalı idi. Matç, gözlənildiyi kimi, gərgin rəqabət şəraitində keçdi. Hələ, üstəlik, hər iki komandanın oyun tərzinə yad formada hesabın açılması, sonrakı dramatizmi müəyyən etdi.
Hakimin final fiti ərəfəsi təyin etdiyi penaltinin hay-küyü isə fərqli rəylərə səbəb oldu. Referinin təyin etdiyi penalti isə, az qala, ədalətli oyun, daha sonra danışılmış oyunlar prizmasına qədər daşınaraq, dedi-qodusu daha bol müzakirələrə çıxarıldı. Halbuki cüzi şübhə belə olan yerdə mütləq araşdırmaya qədər hər kəs, daha çox rəsmilər səbrlə gözləməlidirlər.

Matçda hər şey qaydasında olmayanda, yerini hisslərə, yersiz davranışa verir. Hakimin oyunun ipini əldən verməsi isə onun fiti səslənməmiş bir komandanın oyunçularının meydanı tərk etməsində əksini tapır. Bu, təkcə oyuna və azarkeşə deyil, həm də yarışın təşkilatçısına münasibətin bir formasıdır. Baş verənlərdən sonra ittihamların kəsəri yenə futbolumuzdakı dedi-qodu prinsipi ilə psixoloji təzyiqin yerində və qüvvəsində qaldığını əyani nümayiş etdirdi. Hətta cəmi iki klubun bir-birilə ciddi rəqabət apardığı bir yarışda belə hadisələrin baş verməsi, təsadüf sayıla bilməz. Bu səbəbləri komandalarda, onların nümayiş etdirdiyi oyunda axtarmaq istəyənlərsə nədənsə tapılmır, hətta rəsmi tribunadan belə buna yaxın fikir səslənmir. Halbuki bu klublar get-gedə adlarının, iddialarının, çatmaq istədikləri zirvələrin kölgəsində qalmağa başlayıblar. Təbii ki, məqsədə çatmayanda və ondan uzaqlaşanda, peşəkarlıq yerini, ən yaxşı halda, cilovlanmayan hisslərə verir.

AFFA-nın kəsdiyi cəzalarda maraq doğuran məqam "Qarabağ"ın rəqib qapısından keçirdiyi ikinci topdan sonra klubun ehtiyat qapıçısı Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest etməməsinin üzə çıxmasıdır. Hərçənd rəqib komandanın futbolçusu, həm də aparıcı üzvlərindən biri məhz baş verməyən bu hərəkəti "ölüm" fətvasına layiq günah kimi qiymətləndirmişdi. Bütün xəbərdarlıqlar, cəzalar və cərimələr fonunda nizam-intizam komitəsinin belə məqamı gözdən qaçırması ən yaxşı halda peşəkarlığa ziddir, əslində, həm də məhz təəssürat fonunda verilən qərardır. Çünki komitənin qərarlarına fəlsəfi qiymət versək, hakimin də daxil olmaqla, bir tərəfin günahları dolayısı etiraf olunur. Hərçənd futbol azarkeşinin heysiyyatı ilə oynayanların atdığı addımlar da ciddi nəzərə alınmalıdır. Komitə öz araşdırmasını aparana və qərar verənə qədər, çılğınlıq həddi aşıb-daşan istənilən azarkeşin ata biləcəyi addımlara təsir edən bəyanatları diqqətdən qaçırmamalıdır və bunun da cəzası var. Həmin matçı kölgə altına salan məqamların araşdırılması da artıq gündəmdən düşüb. Hərçənd ya bu araşdırma başlamalı, ya da bununla bağlı AFFA-dan, onun müvafiq komitələrindən rəsmi açıqlama verilməli idi. Bizim futbolda illərdir diqqətə alınmayan və ciddi yanaşılmayan bu münasibət bir gün, əmin olun ki, fəsadlara səbəb olacaq. Bu qeyri-peşəkarlığı artıq aradan qaldırmağın zamanıdır.

Oyunda baş verənlərin yarışın bu məqamında baş verməsi, əslində, klublar üçün qida mənbəyi olmalıdır. Onlar qış fasiləsində artıq Avropa arenasına köklənməlidirlər.
Ötən həftələrin ən maraqlı hadisələrindən biri klublar komitəsinin iclasına elitanın yeni görkəmi ilə bağlı təkliflə çıxış etməsidir. Pərdə arxasında gəzən söz-söhbətlər burada özünü doğruldaraq, gələn il aşağı diviziondan iki komandanın elitaya vəsiqə əldə etməsi, buradan isə sonuncu yeri tutacaq kollektivin birinci divizionun üçüncüsü ilə keçid pley-offunda mübarizə aparması təklifidir. İlk baxışda, ədalətli qərardır. Həm də bu, ölkə futbolunun simasını əyani nümayiş etlirir. Çünki bu vəziyyətlə elitanın ən zəif kollektivi olacağı gözlənilən AZAL, yaxud da onun qonşuları kimi "Neftçi" və ya "Sumqayıt"ın aşağı dəstəyə birbaşa göndərilməsi həmin kollektivlərin məhvi deməkdir. Bundan Azərbaycan futbolu heç nə qazanmayacaq. Maraqlıdır ki, ötən illərdə aşağı dəstədən elitaya kollektiv buraxmayan AFFA, indi onlar arasında həqiqətən də lisenziyalaşdırma və yaxud peşəkar klub statusunu təsdiqləyəcək kollektiv tapacaq? Məncə, həmin illərlə bağlı verilən subyektiv qərarlar artıq futbolumuzu, ən azı, 10 il geri atıb. Lakin vəziyyətdən çıxış yolu hələ də var. Onun qısa və uyğun yolu ölkədə fəaliyyət göstərən futbolçularla bağlı hərdən yayılan məlumatların kölgəsindən çıxarıb bunu həqiqətə çevirməkdir. Əks təqdirdə, bir müddət əvvəl AZAL-ın sükançısı Tərlan Əhmədovun ibarəyə çevrilə biləcək ifadəsi, tam yeni həqiqətləri ilə futbol ictimaiyyətini daha böyük fəsadlarla üz-üzə qoyacaq:

- Mən futbolçuların başından birinci divizion psixologiyasını çıxara bilmirəm. Ordan gələn futbolçu bura uyğunlaşa bilmir, - deyən mütəxəssisin sözlərinin həqiqəti, əslində, böyük problemlərin əsl kökünü göstərir. Həm də təkcə psixologiya məsələsi deyil. Bu psixologiyaya aparan səbəblər kompleks məsələlərin, sadəcə, bir bölümüdür.


Xəbər 1624 dəfə oxundu.