“Növbəti mərhələyə çox yaxınlaşmışdıq”
“Evdə möhtəşəm 1 oyun oynadıq”. İdman.com.az saytının məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Pelin Çəlik deyib. Türkiyəli voleybolçu “Azərreyl”in Çempionlar Liqasının 1/4 final mərhələsində Kazanın “Dinamo” klubuna “qızıl set”də uduzmalarına hələ də təəssüf edir. Onun sözünə görə, onlar səfərdə baş tutan ilk oyunda belə Rusiya təmsilçisinə qalib gələ bilərdilər: “Kazanda məğlub olduğumuz həmin matça görə indi yanıram. “Qızıl set”in əvvəlində isə xırda 1-2 səhv etdik və rəqib bundan yararlandı. Bu həqiqətən çox üzücüdür. Çünki növbəti mərhələyə çox yaxınlaşmışdıq”.

“Azərreyl”in Bakıdakı cavab oyununda 3:0 hesablı qələbəsini və “Qızıl set”də 10:15 hesablı məğlubiyyətini türkiyəli legionerimizin anası ilə bacısı da İdman Sarayında canlı izləyib. Onlar görüşdən sonra gözləri dolan Çelikə təsəlli də veriblər.
“Azərreyl”in toppaylayıcısı doğmaları üçün darıxdığını da etiraf edib: “Onlar bir həftə Bakıda qalacaqlar. Gəldiklərinə görə çox sevinirəm. Onları çox gözləmişdim”.

Xəbər 921 dəfə oxundu.