Azərbaycan Xüsusi Olimpiya Komitəsinin liderlər akademiyasının seminar-müşavirəsi işə başlayıb
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin liderlər akademiyasının seminar-müşavirəsi işə başlayıb.

Tədbirdə Avrasiyanın 40-dan çox ölkəsindən nümayəndələr, deputatlar və idman xadimləri iştirak edirlər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əqli imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasında xüsusi olimpiya hərəkatının rolunu yüksək qiymətləndirib. Bildirib ki, hazırda Azərbaycanda əhalinin 6, dünya əhalisinin isə 15 faizi əqli imkanının məhdudluğu səbəbindən xüsusi qayğıya ehtiyac duyur. Respublikamızda bu istiqamətdə tədbirlər ildən-ilə artır. Son illər Azərbaycan Olimpiya və Paralimpiya oyunlarında böyük nailiyyətlər qazanıb. Dövlətimizin başçısının tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinə fəal dəstək göstərir. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın diqqət və qayğısı mühüm rol oynayır. Əqli imkanları zəif olan insanlar hazırda xüsusi yardımçı məktəblərdə, əmək müəssisələrində tam qayğı ilə əhatə olunur və Olimpiya bayrağı altında ən mötəbər yarışlarda iştirak edirlər.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev təşkilatın uğurlarının Prezident İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində əldə edildiyini vurğulayıblar. Çıxışlarda, həmçinin Azərbaycan komandalarının xüsusi olimpiya oyunlarında qazandıqları uğurlar barədə məlumat verilib.

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard, Avropa Xüsusi Olimpiya Komitəsinin prezidenti Devid Evangines də bu humanist hərəkatın dünya miqyasında rəğbətlə qarşılandığını qeyd edərək Azərbaycanda görülən işləri yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra müzakirələr aparılıb.

Xəbər 722 dəfə oxundu.