Bakıda Beynəlxalq Könüllülər Günü qeyd olunub
Azərbaycanın dörd böyük könüllülük proqramının nümayəndələri ölkəmizdə könüllülük xidmətinə maraq oyatmaq və bu sahə üzrə fəaliyyət göstərən müxtəlif təşkilatlar arasında həmrəylik yaratmaq məqsədilə dekabrın 5-də Bakıda bir araya gəliblər.

5 dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunan tədbirdə Formula-1 Azərbaycan Qran-prisi, “Bakı-2017” IV İslam Həmrəylik Oyunları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) və “BİR” Tələbə-Könüllü Proqramını təmsil edən 200-dən çox fəal könüllü iştirak edib.

“Bakı Şəhər Halqası” (BŞH) Əməliyyat Şirkətinin insan resursları şöbəsinin, eyni zamanda, Formula-1 Azərbaycan Qran-prisinin könüllülər proqramının rəhbəri İranə Əhmədova könüllü olmaq istəyənlərə bu imkandan yararlanmağa çağıraraq deyib: “2017-ci ildə Bakıda sayca ikinci Formula-1 yarışı keçiriləcək. Bu yarışın da görünməyən qəhrəmanları yenə də məhz siz könüllülər olacaqsınız. Keçən ildən fərqli olaraq, bu il könüllülər üçün BŞH Akademiyasını təsis etdik. Akademiya hər bir könüllümüzün fərdi inkişafında əvəzsiz rol oynayacaq. Akademiyada könüllülərin şəxsi inkişafına yönələn müxtəlif təlimlər və xarici dillər üzrə danışıq klubları təşkil olunacaq. Formula-1 yarışı üçün qeydiyyat artıq elan olunub”.

“Bakı-2017” İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib: “ IV İslam Həmrəylik Oyunlarının özünəməxsus amillərindən biri məhz könüllülərimizdir. Beynəlxalq Könüllülər Günündə könüllülərimizin həyəcanını görmək çox sevindiricidir. Çünki bu, onların ev sahibliyi edəcəyimiz möhtəşəm idman tədbirini böyük səbirsizliklə gözlədiyindən xəbər verir. Artıq on mindən çox gəncin müraciət etdiyi “Bakı-2017”nin könüllülük proqramı gənclərimizin beynəlxalq arenada Azərbaycanı təmsil etməsi üçün əvəzolunmaz fürsətdir. Bu fürsətdən yararlanaraq faydalı təcrübə qazanmaq istəyənləri “Bakı-2017” könüllülük proqramına qoşulmağa çağırıram”.

“ASAN School” könüllülük məktəbinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev şəxsi inkişafa nail olmaq istəyən gəncləri könüllülük fəaliyyətinə qoşulmağa dəvət edib. Bildirib ki, şəxsi inkişafa gedən yol könüllülükdən keçir. Bütün gəncləri öz karyeralarını daha sağlam təməllərdə qurmaq üçün könüllülük fəaliyyətinin əsas iştirakçıları olmağa çağırıram.

“BİR” Tələbə-Könüllü Proqramının meneceri Tural Abdullazadə qeyd edib ki, tələbə-könüllülərin fəaliyyəti yalnız öz gələcəkləri üçün deyil, həm də bütün Azərbaycanın gələcəyi üçün atılmış addımdır. "BİR" Tələbə-Könüllü Proqramı bu addımları dəstəkləmək və istiqamətləndirmək kimi məsuliyyətli işi öz üzərinə götürüb

Xəbər 562 dəfə oxundu.