““Azərreyl”i arxayın saldıq ki, “qızıl set”də qalib gələk” - MÜSAHİBƏ
Qadın voleybolçular arasında Kazanın “Dinamo” klubun Avropa Çempionlar Liqasının 1/4 finalında Bakı “Azərreyl”ə “qızıl set”də qalib gəlib. İdman.com.az saytının məlumatına görə, bu gərgin mübarizə bir neçə gündür Rusiya mətbuatın gündəmindən düşmür. Şimallı həmkarlarımız debütantın “dördlər finalı”na adlamasını yüksək qiymətləndiriblər. Kazan təmsilçisinin voleybolçusu Yelena Yejova Rusiyanın məşhur championat.com portalına verdiyi müsahibəsində bildirib ki, cavab oyunda uduzduqlarından, əsas istəklərini “qızıl set”də həyata keçiriblər.

- Oyunu və nəticəni nəzərə alsaq, hansı hissləri keçirisiniz? Razısınız, yoxsa pərişan olmusuz?
- Əlbəttə ki, razı qaldım (gülür). Yaxşı ki, qalib gəldik.

- Niyə oyununuz alınmadı? Rəqib adət etdiyiniz üsulda çıxış etməyə imkan vermədi, yoxsa oyununuz alınmadı?
- Bəlkə də bu bizim xüsusi taktikamızdır – komandamız 3 set ərzində onların başını yastığa qoydu ki, “Qızıl set”də boşalsınlar (gülür).

- Bunu ciddi deyirsiz?
- Yox, zarafat edirəm. Deyə bilmərəm ki, məhz onlar bizə öz oyunumuzu göstərməyə imkan vermədi. Yəqin ki, özümüzdə nəsə alınmadı. Lakin afərin qızlara! Axır ki, lazım olan anda bütün güclərini səfərbər edib, oynadılar və məhz lazım olan vaxtı bizdə hər şey alındı. Mənə elə gəlir ki, bu sadəcə bizim günümüz deyildi.

- Rəqibin yaxşı oyunu, xüsusilə də hücumda və top oyuna daxil etməkdə sizi təəccübləndirdi, yoxsa buna hazır idiniz?
- Deməzdim ki, bu bizim üçün sürpriz oldu. Onlar həqiqətən də yaxşı oynadılar, sanballı voleybol göstərdilər. Lakin biz bunu gözləyirdik. Bu, “Azərreyl”in son şansı idi. Buna görə də şübhə etmirdik ki, onlar bunu lazımınca dəyərləndirəcəklər. Xeyr, onlar bizi heç nə ilə təəccübləndirmədi. Amma həqiqətən də yaxşı oynadılar.

- Siz yalnız ikinci setdə Yekaterina Ulanovanın yerinə meydançaya çıxdınız. Çox əsəbi idiniz? Axı birinci hissəni artıq uduzmuşdunuz...
- Ehtiyatda qalanda daha çox əsəbi olursan. Meydançaya çıxanda isə bütün gücünü səfərbər edib, oyuna sərf edirsən. Əsəbilik, həyəcan öz-özündən yox olur. Əlbəttə ki, döyüşkən əhval-ruhiyyədə meydançaya çıxmışdım. Udmaq və komandama kömək etmək istəyirdim.

- Üçüncü setdə nə baş verdi ki? Çünki 11:25 hesabı həddən artıq acınacaqlı görünür...
- Bilmirəm, bunu sözlərlə ifadə etmək çətindir. Sadəcə, nəsə alınmırdı. Hansısa anda top qəbulunda kiçik səhvə yol verdik. Haradasa blokda düzgün oynamadıq, topu oyuna daxil edə bilmədik. Bilirsiniz, zarafat öz yerində, lakin bəlkə məhz bu yekunda bizə kömək etdi. Çünki komandamız 3-cü setdə onların başlarını tam yastığa qoydu.

- Baş məşqçiniz Rəşad Gilyazuddinov “qızıl set” ərəfəsindəki fasilədə sizə nələri dedi? O, sizi oyuna necə köklədi?
- Əlbəttə ki, bizi kökləməyə ehtiyac yox idi. Çünki özümüz də hər şeyi başa düşürdük və bu setin qiymətini dərk edirdik. O, bizə taktika üzrə konkret tapşırıqlar verirdi: nəyi hara göndərmək, nəyi bağlamaq, harada müdafiə olunmaq, top necə qəbul etmək. Ümumiyyətlə bu, sırf taktiki məsləhətlər idi.

- Şəxsən siz o anda qələbəyə inanırdınızmı?
- Açığını desəm, inanırdım. Üçüncü setdə oyunumuz alınmayanda mən artıq özümü “qızıl set”ə kökləməyə başladım ki, onu daha uğurlu keçirim. Bilmirəm, bəlkə də qızların hamısında belə hiss vardı. Çünki hər şey belə yaxşı alındı.

- Şübhəsiz ki, “qızıl set”i siz əla keçirdiniz. Bəs rəqiblərinizə nə olmuşdu? Onlar əsəbi olub, lazımınca köklənə bilmədilər?
- Bir daha təkrar edirəm, mənə elə gəldi ki, üçüncü seti yaxşı keçirəndən sonra onlar boşaldılar. Yəqin onlar dördüncü seti də belə keçirəcəklərini fikirləşirdilər. Görünür, asan qələbə proqnozlaşdırırdılar və lazımınca köklənə bilmədilər.

- Azərkeşlər barəsində nə deyə bilərsiz? Zalda onların sayı az deyildi və səs-küy yaranmışdı. Elə deyilmi?
- Bəli, zal tam dolu idi. Səs-küy də çox idi. Buna baxmayaraq, bir qayda olaraq, meydançada olanda bunu fikir vermirsən.

- “Dördlər finalı” Bakıda keçiriləcək. Necə fikirləşirsiniz, siz onların klublarını mübarizədən kənarlaşdırdığınız üçün yerli fanatlar “Dinamo”ya qarşı azarkeşlik edəcəklərmi?
- Bəli, mənə elə gəlir ki, onlar bizə qarşı olacaqlar. Necə də olsa, biz onların qənimiyik. Buna görə də onlar məhz bizə qarşı azarkeşlik edəcəklər. Açığını desəm, bu matç zamanı “Ümid edirik ki, sizi bir daha burada görməyəcəyik” səsləri artıq eşidilirdi.

Xəbər 1380 dəfə oxundu.