Niko Rosberq “Formula-1”də karyerasını başa çatdırıb
“Mercedes” komandasının alman pilotu, karyerasında ilk dəfə 2016-cı ildə çempion titulu qazanan Niko Rosberq “Formula-1” maşınları sinfində dünya çempionatı yarışlarında iştirakını başa çatdırmaq qərarına gəlib.

Bunu o, Facebook səhifəsində bildirib. 31 yaşlı Rosberq yazıb: “Mən 25 il idi ki, “Formula-1” çempionu olmaq arzusu ilə yaşayırdım. İndi bu arzuma çatmışam”. Bu sətirlərdən sonra A.Rosberq əlavə edib ki, artıq səhifəni çevirmək və yeni həyata başlamaq vaxtı çatıb.

“Bazar günü, noyabrın 27-də Əbu-Dabi şəhərində bilirdim ki, bu, son yürüşüm ola bilər. Start ərəfəsində beynim aydın idi. Mən bunun son dəfə olacağını bilə-bilə təcrübəmin hər bir hissəciyindən zövq almaq istəyirdim. Sonra işıq söndü və həyatımın ən maraqlı 55 dairəsini yaşadım. Qərarı bazar ertəsi axşam qəbul etdim”, - dünya çempionu belə yazıb.

Niko Rosberg “Formula-1”də 11 mövsüm keçirib. Onun aktivində 206 yarış və 23 qələbə var.

Xəbər 687 dəfə oxundu.