Gələn il keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti İngiltərədən alınıb
Cari ildə Bakıda Formula-1 üzrə ilk yarış yüksək səviyyədə təşkil olunub. “Odlar yurdunda sürətin zirvəsində” şüarı ilə təşkil olunan yarışda saatda 340 kilometr sürət nəzərdə tutulsa da, rəsmi olaraq saatda 366 kilometr sürət qeydə alınıb. Həmçinin ən qısa pit-stopda cari ildə Bakıda təşkil olunan Qran-priyə məxsusdur. Pit-stop 2 saniyədən də az çəkib.

Bu fikirləri dekabrın 2-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 üzrə Azərbaycan Qran-prisinin mətbuat katibi Nigar Arpadarai mətbuat konfransında bildirib.

Yarış zamanı Əziz Əliyev küçəsindəki ensiz yolun və 2 kilometrlik sürətli hissənin Formual-1 azarkeşləri tərəfindən həyəcanla qarşılandığını vurğulayan N.Arpadarai deyib: “Avropa Qran-prisinə hazırlıq prosesi 783 gün davam edib. Qırx yeddi ölkədən 25 min azarkeş Qran-prini canlı izləyib. Yarışın yüksək səviyyədə təşkili üçün 10 min işçinin, 5 min isə könüllünün əməyindən istifadə olunub. İlk yarışımız Avropa Qran-prisi adı ilə keçirildi. Bütün dünya Azərbaycanı, Bakını gördü. Fəxr hissi ilə bildiririk ki, növbəti yarış Azərbaycan Qran-prisi adlanacaq. Həmçinin bu yarış “24 saat Le Man” marafonu ilə üst-üstə düşməyəcək. Növbəti mövsümdə yarışların üst-üstə düşəcəyini düşünmürük. Yaxın 3-4 il ərzində gecə yarışı keçirməyi planlaşdırmırıq.

“Ötən il Bakının küçələrində, trasın keçdiyi ərazilərdə təmir işləri aparılmışdı. Bunun da əsas məqsədi şəhərin Formula-1 trasına çevrilməsi idi. Asfalt qatı, tribunalar və təhlükəsizlik baryerlərinin quraşdırılması müəyyən vaxt tələb edirdi. Növbəti mövsümdə bu işlər daha az görüləcək. Tribunalar, beton bloklar və təhlükəsizlik baryerləri artıq bizdə var. Lazım olan vaxtda onlar anbarlardan götürülərək quraşdırılacaq. Qarajların yerləşdiyi pit-binası isə yarışdan sonra sökülməyib. Asfalt qatı beynəlxalq standartlara cavab verdiyi üçün yenilənməyəcək. Sadəcə qənbər daşları olan küçədə yeni asfalt qatı salınacaq. Biz qənbər daşlarını zədələmədən ilk yarışımızı uğurla təşkil etdik. Digər işlər isə qısa zamanda görüləcək. Çalışacağıq ki, işlərimizi paytaxt sakinlərini narahat etmədən aparaq. Şəhərdə infrastrukturun hazırlanması prosesinə gələn ilin martından start veriləcək. O vaxtadək isə əsasən təbliğat və reklam işləri ilə məşğul olacağıq”, - deyə N.Arpadarai əlavə edib.

2017-ci ildə təşkil olunacaq Azərbaycan Qran-prisinin biletlərinin satışa çıxarıldığını deyən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim onlayn şəkildə ilk biletin İngiltərədən alındığını diqqətə çatdırıb. Bildirib ki, ardınca isə Rusiyadan bilet sifariş olunub. Hazırda paytaxtın 17 yerində bilet satışı məntəqələri quraşdırılıb. Sevindirici haldır ki, ölkəmizdə təşkil olunan yarışa maraq böyükdür. Bizim əsas hədəfimiz xarici azarkeşlərin Azərbaycana cəlb olunmasıdır. Çünki onlar ölkələrinə qayıtdığı zaman Bakı və yarış haqqında yaxınlarını məlumatlandıracaqlar. Bu da ölkəmizin tanıdılması istiqamətində vacib addımlardandır.

“Gələn ilki yarışın biletlərinin kateqoriyalarında bəzi dəyişiklik olunub. Bu il təşkil olunan yarışa birgünlük və üçgünlük biletlər satışa çıxarılmışdı. Növbəti yarışa isə dördgünlük və hər gün üçün ayrıca biletlər əldə etmək mümkün olacaq. Bir günlük biletlərin qiyməti 60 manat, dördgünlük biletlərin qiyməti “Abşeron” tribunası üzrə 690 manat nəzərdə tutulub. Gələn il yanvarın 31-dək endirimli kampaniya təşkil olunub və azarkeşlər biletləri 30 faiz endirimlə əldə edə bilərlər. Fürsətdən istifadə edərək azarkeşlər kampaniya çərçivəsində dördgünlük biletləri 550 manata ala bilərlər. Həmçinin “Junior tickets” adlı yeni bilet növü də satışa çıxarılıb. Bundan 2-15 yaşlılar xüsusi endirimlərlə yararlana biləcəklər”, - deyə Bülənt Özərdim vurğulayıb.

Qran-pridə yarışın həftə sonunun üç günü ərzində nəzərdə tutulduğunu diqqətə çatdıran B.Özərdim gələn il iyunun 22-də “Pit-line walk” adlı tədbirin təşkil olunacağını deyib. Vurğulayıb ki, “Pit-line walk”da azarkeşlər pit-yoluna daxil olacaq, sevimli pilotları, həmçinin komandaların yarışa hazırlığını canlı izləyə biləcəklər.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, gələn il Formula-1 üzrə Azərbaycan Qran-prisi iyunun 25-də təşkil olunacaq.

Xəbər 678 dəfə oxundu.