Könüllülər “Nə? Harada? Nə zaman?” yarışmasında intellekt mübarizəsinə qoşulacaq
3 dekabr 2016-cı il tarixi saat 10.30-da BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsi Könüllülər Mərkəzində İslam Həmrəyliyi Oyunları və “Formula 1 Avropa Qran Pris” könüllüləri üçün "Nə? Harada? Nə Zaman?" İntellektual yarışı keçirəcək.

Yarış Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışın təşkil olunmasında məqsəd könüllüləri intellektual fəaliyyətə cəlb etmək, onların vaxtlarının maraqlı və səmərəli təşkil edilməsini təmin etmək, könüllülərin intellektual bacarıqlarının inkişafına kömək etməkdir.

Yarışa qatılacaq könüllülərin yalnız Könūllülük Proqramında qeydiyyatdan keçən namizədlər ola bilər. Ümumilikdə yarışda hər biri 6 üzvdən (1 nəfər kapitan) ibarət 15 komanda iştirak edəcək. Yarış 30 sualdan ibarət olacaq ki, daha çox suala düzgün cavab verən komanda qalib sayılacaq.Komandada minimum 2 nəfər xanımın iştirakçı olması da önəmlidir.

Məlumat üçün bildirək ki, bütün komandalar eyni zalda, eyni vaxtda oynayacaq və cavablar yazılı qaydada aparıcıya təhvil veriləcək. Yarışda 1 qalib və 1 mükafatçı komanda müəyyənləşdiriləcək. İlk 2 yeri tutan komandanın üzvləri maraqlı hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, yarışın aparıcısı Azərbaycan İntellektual Oyunlar Klubunun prezidenti və Parlaq Zəka intellekt şousunun rəhbəri və aparıcısı Aydın Piriyev olacaq.

Xəbər 747 dəfə oxundu.