Bədii gimnastika və aerobika üzrə yarış təşkil olunacaq
Dekabrın 1-2-də bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyi təşkil olunacaq.

Milli Gimnastika Arenasında (MGA) keçiriləcək yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport”, "Gömrükçü”, "Sərhədçi”, "Spartak” idman klublarını, DİN-nin İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edən 141 gimnast qüvvəsini sınayacaq.

Yarışların ilk günü bədii gimnastika üzrə balacalar (alətsiz, halqa, top), yeniyetmələr (alətsiz, ip, top, gürzlər) və gənclər (ip, halqa, top, gürzlər) medallar uğrunda mübarizə aparacaqlar. Sonra balacalar yaş kateqoriyası üzrə 8 qrup hərəkətləri komandasının alətsiz və topla çıxışları nümayiş olunacaq.
Yarışların ikinci günü bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının təmsilçiləri də mübarizə aparacaqlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş), böyüklər (18 yaş və daha böyük) yaş kateqoriyası üzrə idmançılar yarışacaqlar.

Xəbər 694 dəfə oxundu.