“Zirə”-“İnter” görüşü 1:1 hesabı ilə başa çatıb
Noyabrın 28-də futbol üzrə Topaz Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Günün yeganə oyununda “Zirə” komandası “İnter”i qəbul edib. Zirə Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ilk hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan “İnter” 48-ci dəqiqədə Ruslan Abışovun qolu ilə hesabı açıb - 0:1. Görüşün 66-cı dəqiqəsində “İnter”in futbolçusu Adrian Skarlatake kobud oyuna görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Məğlubiyyətlə barışmayan meydan sahibləri istəklərinə oyunun əsas vaxtına əlavə edilmiş hissənin üçüncü dəqiqəsində çatıblar. “Zirə”nin heyətində Yovan Krneta hesabı bərabərləşdirib – 1:1. Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.

Bu görüşdən sonra “İnter” xallarının sayını 24-ə çatdıraraq üçüncü pillədə möhkəmlənib. “Zirə” isə 15 xalla beşinci sıradadır.

Çempionatın XIII turuna noyabrın 29-da oynanılacaq “Qarabağ”-“Qəbələ” qarşılaşması ilə yekun vurulacaq.

Xəbər 897 dəfə oxundu.