Futbolumuzun «Qara cümə axşamı»sı və ya yeni «Qorxulu nağılları»
Hər şey nağıllardakı kimi bitəcəkmi?

Azərbaycan futbolu tarixinin ən qaranlıq, ən qorxulu, ən faciəli günü ötən cümə axşamı oldu. Avrokubok təmsilçilərimiz bir-birinin ardınca, Azərbaycan azarkeşinin daha yatıb yuxuda da görmək istəmədiyi bir gecəni yaşatdılar. Futbol meydanında tam fərqli oyun nümunələri ilə sərişətsizliyin, arxayınçılığın, bivecliyin və yönədməsizliyin ən parlaq nümunələrini görməyimizin səbəblərini hələ çox araşdırmaq lazım gələcək.
Ötən həftə futbol tariximiz üçün çox nadir hadisə saya biləcəyimiz danışılmış oyunlarla bağlı bir qrup fərdin futboldan uzaqlaşdırılması hadisə ola bilcəyi halda, iki klubumuz, məcazla desək, sanki razılaşdırıblarmış kimi, bundan betərini bir-birinin ardınca Avropa meydanında yaşatdılar.

Bir qədər sadə yolla gedib, futbolçular arasında günahkar axtarmaq isətyənlər üçün hər iki oyunda qəhrəman da tapmaq olar, əleyhqəhrəman da. Həm də maraqlıdır ki, hər ikisi bir simada, bir adda, bir futbolçuda cəmləşdi. Əlbəttə, «Qəbələ»də qolun müəllifi Rikardinyunun ikinci penaltisi hər şeyi dəyişə, hətta ilk qələbəni gətirə bilərdi: o, «nöqtə»dən topu dəqiqliklə qapıdan keçirsə də, referi zərbəni yenidən icra etməyi tələb etdi və bu dəfə futbolçu topu eyni səmtə vurub tora qovuşdura bilmədi. «Qarabağ»da isə 19-cu dəqiqədə təkbətəkdə məharətini göstərə bilməyən Müərrəm Müərrəm 10 dəqiqə sonra yenə daha bir şansı qaçırdı. Söz yox ki, bunlar matç üçün qədər epizodları idi. Matçlarda dönüş anları bunlardan sonra başlandı. Fəqət, hər iki klubumuz Avropa səhnəsində oynayır, həm də bu, birinci ilin çıxışı deyil. Üstəlik, səviyyəli bir komanda üçün günahkarı bu yolla axtarmaq digər zəiflərini, fərdlərdən asılı olduğunu göstərmək kimi qəbahətdir. «Qarabağ»ın sıkançısının sözü olmasın, futbol komanda oyunudur və hamı günahkardır, məşqçilər başda olmaqla.

Bəli, hər iki komandada məşqçidən futbolçulara qədər çox günahkar tapmaq, hətta cəzalandırmaq da olar. Məsələn, «Qarabağ»da, yenə oyunçudan günahkar düzəltmək istəyənlər üçün, necə deyərlər, öz qabında, yerində olmayan Arif Daşdəmirovdan yapışa bilərlər. O, heç bir epizodda komandasına kömək etmək istəmədi. Sanki rəqibin hər irəli atılması anında fikri-ağlı komanda yoldaşlarının dəf edəcəyi hücumdan sonra, topu alıb özü əks-hücuma qoşulması ilə bağlı şirin xəyallar cızırdı. Amma, məncə, bir qədər fərqli düşünmək lazımdır. Bu, birinci hal deyil və onu meydana buraxan var idi. Onu meydana buraxan üçünsə heyəti daha güclü futbolçudan formalaşdırmağa şərait yaradan, komandanın yetirmələrinin əvvəlki kimi meydan üzü görməsində maraqlı olan idarəedici heyət var. Hansından indi bəhs etmək daha doğru olar?

Yeni mövsümdən söz açsaq, bir azacıq real olub deyə bilərik ki, «Qarabağ»ın ehtiyat skamyasının darlığı barədə bunaqədərki qeydlərimiz özünü ən vacib, ən həlledici məqamda doğrultdu. Kapitan Rəşadın yoxluğunda Maksimin mərkəzdəki oyunu Avropa səviyyəsində yaxşı və etibarlı sayıla bilməz. Söz yox ki, onun əlahiddə kobud səhvindən danışmaq olmaz. Lakin futboldan anlayışı olan hər kəsə məlumdur ki, bu mövqedə oynayan futbolçunun səviyyəsi klublarımız üçün həlledici olur. Biz qəhrəmanı, Avropadakı kimi, ön xətdə gözləmirik. Hə, daha əvvəlki deyilik - xilaskarı indi qapı xəttində də axtarmırıq - qapıdan bir az aralanıb, mərkəz müdafiəsinə göz dikmişik, ümid bağlamışıq. Hərçənd orta xətdə də nə quruculuqda, nə də dağıdıcığılıqda «Qarabağ»ın düz-əməlli oyununu görmədik. Belə olan halda hücumdan söhbət açmağa dəyməz. Əlbəttə, start fəallığı var idi. Lakin onun faydalı iş əmsalı yoxdu. Komanda buna qədər iki oyundur tərifə layiq bildiyimiz əsl Avropasayağı oyunundan çox uzaqlaşaraq, müdhiş qaranlıqlara qərq olub, bu oyunu kor kimi keçirdi.

«Qəbələ» haqqında isə, eyni qayda ilə, tam fərqli söz söyləmək olar. Əlbəttə, qırımızı vərəqəni alan futbolçunu da tənqidlərə məruz qoymaq olar. Lakin bu oyunda məşqçinin meydana çıxarmağa lüzum bildiyi start heyəti haqqında mütəxəssislərin nə düşündüyü maraqlıdır. Bəlkə hər şey elə buradan başlamışdı. Əlbəttə, onun yanlış, ya doğru qərarından söhbət getmir. Fəqət əvəzetmələrlə qərarını gücləndirə bilərdi. O, elə bil yalnız yerli çempionatı hədəf alıb. Amma iki ildir ardıcıl Avrapa arenasındakı iki mötəbər turnirdən birinə vəsiqə alan komanda üçün Azərbaycan futbolu şəraitində bu, məqsəd olmamalıdır. Zənnimcə, klubda ümumi yanaşma prisniplərinə yeni baxış gətirilməlidir. Strateji hədəflər yayınıqlıqdan daha konkretliyə əvəzlənməlidir. Vəzifələr nə qədər geniş olsa və təbliğatı güclü təşkil edilsə, bir o qədər ziyanlı olur. Bunun «Qəbələ»nin artıq sıradan çıxmış və vaxtilə güclü olmuş sələfləri əyani nümayiş etdirir. Komandanın bu dəfə bir xal belə qazanmaq imkanını özünün əldən verməsi çox təəssüfləndirici olmaqla yanaşı, həm də klubun təəssübkeşlərinə də zərbədir.

Artıq geniş təhlil aparmağa dəyməz. «Qəbələ»nin ilk xalı və «Qarabağ»ın, böyük qapını aralayaraq, futbol tariximizə yeni təkanverici təşəbbüsündən yazmaq istədiyimiz bir məqamda, təkəri tam geri döndərib, qorxulu nağıllara qayıdırıq. 10-15 il əvvəl bu nağıl olmazdı, çünki komandalarımızn Avrokubok nağılları heç başlamamışdı da. Lakin indi əlbir olub «Qarabağ»la «Qəbələ»nin əldə etdiyi şans bir gecədə xərcləndi. Daha «Qarabağ»ı qarşıda son iki ilin ümid müəmması – «pley-offa çıxa bilərikmi?» həsrəti və bir də iki il əvvəlin «İtalyansayağı boşanma»sı və ya da bu dəfə «İtalyansayağı nikah»ı və yeni «ailə həyatı» gözləyir.

Ağdam klubu bu «Qorxulu müəllif nağılları»nı tezliklə əsl şifahi xalq ədəbiyyatı nümunəsi ilə sonu bəlli, şirin yuxuyua çevirməlidir ki, «göydən üç alma düşdü...» deyib, onun birini bu dəfə nağılbazlara deyil, əsl və real futbolsevərlərə versin.

Xəbər 998 dəfə oxundu.