Bakıda şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışlar təşkil olunub
Bakıda məşhur şahmat bəstəçisi Məcnun Vahidovun 70 illiyinə həsr olunmuş şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışlar təşkil olunub.

Azərbaycan Şahmat Federasiyasının Şahmat bəstəçiliyi komissiyasının təşkil etdiyi memorial şahmat bəstəçiliyinin ikigedişli və üçgedişli bölmələri üzrə keçirilib. Yarışların direktoru Elmar Abdullayev, ikigedişli bölmənin hakimi Anatoli Stepoçkin, üçgedişli bölmənin hakimi isə Aleksandr Melniçuk (hər ikisi Rusiya) olub.

İkigedişli bölmədə 14 ölkədən 28 müəllifin 39, üçgedişli bölmədə isə 13 ölkədən 31 müəllifin 40 şahmat məsələsi iştirak edib.

Əməkdar məşqçi, Azərbaycan Şahmat Federasiyasının Şahmat bəstəçiliyi komissiyasının sədri İlham Əliyevin AZƏRTAC-a verdiyi məlumata görə, yarış çox yüksək səviyyədə keçirilib. Bunu həm də yarışın iştirakçıları və qalibləri arasında dünyanın məşhur şahmat bəstəçilərinin olması göstərir.

İlham Əliyevin sözlərinə görə, sevindirici haldır ki, qaliblər arasında ölkəmizin də şahmat bəstəçiləri var. Süleyman Abdullayev (Bakı) və Araz Alməmmıdov (Qəbələ) ikigedişli bölmədə, Elmar Abdullayev (Şirvan) və Salman Cavadzadə (Gəncə) isə üçgedişli bölmədə qaliblər sırasındadır.

Qeyd edək ki, Məcnun Vahidov şahmat bəstəçiliyi üzrə idman ustasıdır. “Şahmat bəstəçiliyi” və “Mənsubələr karvanı Böyük İpək yolunda” (Azərbaycan və rus dillərində) kitablarının müəllifidir. Azərbaycan Şahmat Federasiyası Şahmat bəstəçiliyi komissiyasının sədri və şahmat bəstəçiliyi üzrə Azərbaycan yığmasının kapitanı olub. İki yüzədək şahmat məsələsi tərtib edib və bunların bir qismi beynəlxalq müsabiqələrdə mükafat qazanıb. Bir neçə əsəri FİDE-nin Qızıl kitabı olan “FİDE Albomu”na daxil edilib. Şahmat bəstəçiliyinə aid bir sıra nəzəri məqalələr dərc edib. Həmmüəllifləri ilə birgə şahmat bəstəçiliyində iki yeni mövzu kəşf edib və bunlar şahmat üzrə bir çox məlumat kitablarına daxil edilib. Bir sıra beynəlxalq yarışlarda hakimlik edib.

Məcnun Vahidov ədəbi yaradıcılıqla da məşğul olub. O, bir çox yumoristik hekayələrin və ölkəmizdə məşhur “Yarımştat” televiziya tamaşasının müəllifidir. Məcnun Vahidov eyni zamanda türkologiya ilə yaxından maraqlanıb və bu sahəyə bir neçə maraqlı məqalə həsr edib.

Xəbər 901 dəfə oxundu.