“Formula-1”də daha enli təkərlərdən istifadə olunacaq
Növbəti mövsümdə “Formula-1”də daha enli təkərlərdən istifadə ediləcək. “Pirelli” şirkətinin hazırladığı yeni təkərlər indikilərlə müqayisədə 25 faiz daha enli olacaq. Ön təkərlərin eni 245 millimetrdən 305-ə, arxa təkərlərin eni isə 325 millimetrdən 405-ə qədər artırılacaq.

“Mercedes AMG”, “Red Bull Racing” və “Ferrari” komandaları avqust ayından etibarən yeni təkərləri müxtəlif traslarda test edəcəklər. Əbu-Dabi Qran-prisindən sonra “Yas-Marina” trasında bütün komandalara yeni təkərlərlə işləmək imkanı veriləcək.

Əbu-Dabidə yeni təkərlərin təqdimatı keçirilib. “Pirelli Motorsport” şirkətinin rəhbəri Pol Hembri və idman direktoru Mario İzola jurnalistlərin müşayiəti ilə təkərlərin üzərindən örtüyü qaldırıblar. Sürücülər gələn mövsüm yenilənmiş aerodinamika və enli təkərlərlə daha sürətli dövrələr vuracaqlar.

Pol Hembri deyib: “Qarşımıza məqsəd qoymuşuq. Gələn il sürücülər 2016-cı illə müqayisədə 4-5 saniyə daha sürətli olacaqlar. Biz təkərlərin hesabına üç saniyə qazandıra bilərik, qalan fərq isə aerodinamikanın hesabına olmalıdır. Təbii ki, fərqlər trasdan trasa müxtəlif olacaq. Biz komandalara gələn il yarışacaqları maşınlar barədə verdikləri məlumatlara və testlərdə göstərdikləri köməyə görə minnətdarıq”.

“Təkərlərimizin tərkibi də yenilənib. Yeni təkərlər temperatur dəyişikliyinə qarşı daha az həssas olacaq”, - deyə Pol Hembri diqqətə çatdırıb.

Xəbər 664 dəfə oxundu.