Karate üzrə Azərbaycan çempionatı keçiriləcək
Noyabrın 26-27-də yeniyetmə və gənclər arasında 17-ci, böyüklərin isə 24-cü karate üzrə Azərbaycan çempionatı keçiriləcək.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq yarış Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası Assosiasiyası (AKFA) və Milli Karate Federasiyasının (MKF) təşkilatçılığı ilə keçiriləcək. Təntənəli açılış mərasimi noyabrın 26-sı saat 17:00-da olacaq.

Fərdi kumite və kata yarışlarında 14-15, 16-17 və 21 yaş qrupu üzrə idmançılar çıxış edəcəklər. Çempionatda müxtəlif çəki kateqoriyasından olan yeniyetmə, gənc oğlan və qızlar, eləcə də böyüklər qüvvələrini sınayacaqlar.

Yeni qaydalara əsasən, kumite yarışlarında döyüş zamanı xallara məhdudiyyət qoyulmur, döyüş vaxtı bitdikdə daha çox xal toplamış idmançı qələbə qazanır. Döyüş zamanı 8 xal üstünlük əldə edildikdə döyüş dayandırılır və üstünlüyə malik idmançı təmiz qələbə qazanır.

Qalib və mükafatçılar AKFA və MKF-nin təsis etdiyi kubok, medal və diplomlarla təltif olunacaqlar.


Xəbər 1461 dəfə oxundu.