UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turuna yekun vurulub
Noyabrın 24-də UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçirilib. Tur çərçivəsində 12 qrupda ümumilikdə 24 matç oynanılıb.

“Qarabağ”ın mübarizə apardığı “J” qrupunda “Fiorentina” (İtaliya) komandası öz meydanında Yunanıstanın “PAOK” klubuna 2:3 hesabı ilə məğlub olub. “Qarabağ” isə Çexiyada “Slovan Libereç”ə 0:3 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, “Fiorentina” klubu 10 xalla qrupda liderliyini davam etdirir. “Qarabağ” və “PAOK” 7 xalla ikinci və üçüncü yerləri bölüşürlər. “Slovan Libereç”in hesabında isə 4 xal var.

“Qəbələ”nin çıxış etdiyi “C” qrupunda keçirilən “Sent-Etyen” (Fransa)-“Maynts” (Almaniya) görüşündə hesab açılmayıb–0:0. “Qəbələ” isə evdə “Anderlext”ə 1:3 hesabı ilə uduzub. Beş oyundan sonra “Anderlext” 11 xal toplayaraq növbəti mərhələyə vəsiqəni təmin edib. Fransanın “Sent-Etyen” klubu da 9 xalla növbəti mərhələyə yüksəlib. Aktivində 6 xal olan “Maynts” və hələ ki, xal qazanmayan “Qəbələ” isə Avropa Liqası ilə vidalaşıb. Bu qrupda 6-cı turun oyunları formal xarakter daşıyacaq.

Ölkəmizin futbol azarkeşləri üçün maraqlı oyunlardan biri azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi “Şalke” (Almaniya)-“Nitsa” (Fransa) qarşılaşması olub. Meydan sahibləri rəqibləri üzərində 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər. Matçda Əliyar Ağayev qonaq komandanın qapısına penalti zərbəsi təyin edib və meydan sahiblərinin bir futbolçusuna qırmızı vərəqə göstərib. Qrupun digər matçında heç-heçə qeydə alınıb. Rusiyanın “Krasnodar” klubu Avstriyanın “Zaltsburq” klubu ilə “sülh” bağlayıb-1:1. Bununla da Rusiya klubu növbəti mərhələyə yüksəlib.

Azərbaycanlı futbol azarkeşləri üçün maraq kəsb edən qarşılaşmalardan biri İstanbulda baş tutub. “A” qrupunda Türkiyənin “Fənərbağça” klubu Ukraynanın “Zorya” komandasına 2:0 hesabı ilə qalib gəlib. İngiltərənin “Mançester Yunayted” komandası isə Hollandiyanın “Feyenoord” klubunu darmadağın edib – 4:0. Bu nəticələrdən sonra “Fənərbağça” klubu 10 xalla qrup liderliyini ələ keçirib. “Mançester Yunayted” 9 xalla ikinci, “Feyenoord” 7 xalla üçüncü, “Zorya” isə 2 xalla sonuncudur.

Digər qruplarda aşağıdakı nəticələr qeydə alınıb:

“B” qrupu

“Astana” (Qazaxıstan)-APOEL (Kipr) – 2:1

“Olimpiakos” (Yunanıstan)-“Yanq Boyz” (İsveçrə) - 1:1

“D” qrupu

“Zenit” (Rusiya)-“Makkabi” (Təl-Əviv, İsrail) - 2:0

“Dundalk" (İrlandiya)-“AZ Alkmaar” (Hollandiya) - 0:1

“E” qrupu

“Roma” (İtaliya)-“Viktoriya” (Çexiya) – 4:1

“Austriya” (Avstriya)–“Astra” (Rumıniya) - 1:2

“F” qrupu

“Atletik” (İspaniya)-“Sassuolo” (İtaliya) – 3:2

“Genk” (Belçika)-“Rapid” (Avstriya) – 1:0

“G” qrupu

“Ayaks” (Hollandiya)-“Panatinaikos” (Yunanıstan) – 2:0

“Selta” (İspaniya)-“Standart” (Belçika) – 1:1

“H” qrupu

“Şaxtyor” (Ukrayna)–“Konyaspor” (Türkiyə) – 4-0

“Gent” (Belçika)–“Braqa” (Portuqaliya) – 2:2

“K” qrupu

“Sparta” (Çexiya)-“Southempton” (İngiltərə) – 1:0

“Hapoel” (Bir Şeva, İsrail)–“İnter” (İtaliya) - 3:2

“L” qrupu

“Sürix” (İsveçrə)-“Vilyarreal” (İspaniya) -1:1

“Styaua” (Rumıniya)-“Osmanlıspor” (Türkiyə) – 2:1

UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunun oyunları dekabrın 8-də keçiriləcək.

Xəbər 785 dəfə oxundu.