Gələn il təşkil olunacaq qadınlar arasında voleybol üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilir
Noyabrın 24-də Heydər Əliyev Mərkəzində 2017-ci ildə Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Mərasimdə əvvəlcə Avropa Voleybol Konfederasiyasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Sonra xüsusi olaraq püşkatma mərasimi üçün hazırlanmış şou təqdim edilib.

Azərbaycan Xalq Artisti Brilyant Dadaşova voleybol üzrə Avropa çempionatının himnini ifa edib.

Voleybol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi üzrə yaradılan Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edərək ölkəmizin mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsindən, Azərbaycanda voleybolun inkişafından danışıb.

Sonra Gürcüstanın idman və gənclərlə iş üzrə nazirinin birinci müavini Şalva Qoqoladze və Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç çıxış ediblər.

Çıxışlardan sonra voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 16 komanda mübarizə aparacaq. Ev sahibləri Azərbaycan və Gürcüstan, “Avro-2015”in mükafatçıları Rusiya, Hollandiya, Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya mübarizəyə birbaşa final mərhələsindən başlayacaqlar. İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus çempionata ikinci seçmə mərhələdən, Çexiya, Ukrayna və Macarıstan isə pley-offdan qoşulacaqlar.

Xəbər 796 dəfə oxundu.