Xose Perurena Lopez: "Azərbaycan kanoe sahəsində çox güclü ölkədir "
"Bu, mənim Azərbaycana 3-cü səfərimdir. İlk səfərim 2011-ci ildə Beynəlxalq Prezident Kuboku Reqatası vaxtı olmuşdu. Ondan sonra isə "Bakı-2015" I Avropa Oyunlarında iştirak etmişdim. Bu gün isə burada XXXVI Konqresdə iştirak edirəm”. - bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopez deyib.

XXXVI Konqres barədə danışan ispaniyalı qonaq bildirib ki, İCF Konqreslərini iki ildən bir keçirir: "Sonuncu Konqresdə qərara gəlmişdik ki, növbəti iclasımızı Tunisdə keçirək. Çox təəssüf ki, Tunisdə terror hücumları baş verdiyindən, bizim federasiyanın Rəyasət Heyəti Növbəti Konqresi digər ölkədə keçirməyi qərara aldı. Mən Azərbaycanın Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə danışıqlar aparandan sonra İCF-nin Rəyasət Heyətinin razılığı ilə belə nəticəyə gəldik ki, növbəti Konqresi məhz Bakıda keçirək. Bu konqresi qısa müddət ərzində digər ölkədə keçirmək, çox çətin məsələ idi. Bildiyimiz kimi, 100-dən çox ölkənin nümayəndəsinin burada qəbul edilməsi və tədbirin təşkili böyük məsuliyyət tələb edirdi. Lakin əmin idim ki, Azərbaycanın bu sahədə yüksək potensialı var. Bu ölkənin beynəlxalq irimiqyaslı tədbirlərin təşkilində böyük təcrübəyə malik olduğunu bilirdik. İnanırdıq ki, Azərbaycan hər şeyi yüksək səviyyədə təşkil edəcək. Belə də oldu. Hər şeyə görə, çox məmnunuq. Bu ölkəyə minnətdarlığımızı bildiririk. Dünən isə, Rəyasət Heyətimizin iclası keçirildi. İclasda yekdilliklə Bakıdakı şəraitdən böyük razılıq ifadə olundu".

İCF prezidenti Azərbaycanda kayak və kanoe növlərinin vəziyyətindən və nüfuzlu beynəlxalq yarışların təşkili imkanlarından da danışıb: "Azərbaycanda beynəlxalq yarışların təşkili üçün yüksək səviyyəli infrastrukturla yanaşı, həm də kanoe sahəsində çox potensiallı idmançıları var. İlk Avropa Oyunları zamanı Mingəçevirdəki şəraitlə yaxından tanış oldum. Doğrudur, orada yüksək struktur yaradılıb. Amma mən bu cür yarışların təşkili baxımından Bakıya üstünlük verirəm”.

O bildirib ki, Azərbaycana da İCF-nin idarəçilik strukturunda təmsil olunmağı təklif edib: “Kanoe ictimaiyyəti və iclaslarımız demokratikdir. Demokratik baxışla ümumi sistemin qəbul edilməsi bir qədər müəmmalı görünər. Çünki ümumi sitemin hər bir predmetinin xüsusi mövqeyi ola bilər. Ona görə də Konqres iştirakçıları hər bir predmetə ayrıca səs verməyə üstünlük verdilər. Bu, bizim üçün çox vacibdir. Çünki bugünkü tədbir Növbədənkənar Konqres idi. İCF-nin 2016 - 2020-ci illər üçün İnkişaf Proqramını, yeni idarəçilik strukturunu müzakirəyə qoyduq və bu da gündəmdə vacib yer tutur. Çox şadam ki, bütün Konqres nümayəndələri hər bir predmet üzrə səs verdilər. Bu gün iclasımızda yalnız struktur məsələləri müzakirəyə qoyuldu. Sabah isə növbəti iclasda İCF-nin yeni prezidenti seçiləcək. Burada hər qitədən 4 üzv iştirak edir. Mən Azərbaycan nümayəndəliyinə də təklif etdim ki, gələcək üçün bu istiqamət üzrə irəli addım atsınlar. Çünki,Azərbaycan kanoe sahəsində çox güclü ölkədir”.

Xəbər 2242 dəfə oxundu.