Elçin Zeynalov: "Bu çox əhəmiyyətli tədbirdir"
"Çox şadam ki, Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresi məhz Bakıda keçirilir. Bu, bizim ölkə, federasiyamız üçün böyük şərəfdir. Bildiyimiz kimi, 2006-cı ildə Azərbaycan Milli Avarçəkmə Federasiyası təsis olunub. Bu il federasiyamızın 10 illiyidir. Bizlər üçün çox sevindirici haldır ki, məhz Konqres də AMAF-ın yubiley ilə üst-üstə düşüb". -bu sözləri AMAF-ın prezidenti Elçin Zeynalov deyib.

Konqresdə 87 ölkənin nümayəndələrinin iştirak etdiyini diqqətə çatdıran AMAF-ın vitse-prezidenti bildirdi ki, hal-hazırda konqres zalında 200-dən artıq nümayəndə heyəti iştirak edir: "Bu çox əhəmiyyətli tədbirdir. Burada bəzi struktur dəyişiklikləri gözlənilir. Sabah isə İCF-in yeni prezidenti də seçiləcək".

E.Zeynalov Azərbaycanın gələcəkdə İCF-in İcraiyyə Komitəsində təmsil oluna biləcəyini qeyd edib: "Hər qitədən, o cümlədən Avropadan İcraiyyə Komitəsində 4 nümayəndə təmsil olunur. Azərbaycan da bu qitəyə aiddir. Gələcəkdə Azərbaycana bu təkliflər oluna bilər və şübhəsiz ki, ölkəmiz İcraiyyə Komitəsində təmsil oluna bilər. Amma hal-hazırda bu, gözlənilmir".

AMAF prezidentinin sözlərinə görə, qarşıdakı illərdə kanoe üzrə Avropa və dünya çempionatları da Bakıda keçirilə bilər: "Keçən il ilk Avropa Oyunlarında kayak və kanoe də təmsil olundu. Bu idman növü üzrə yarışlar Mingəçevirdə keçirildi. Amma dünya və Avropa çempionatlarını keçirmək üçün kanal lazımdır. Bu kanal da çox güman Bakıda qurulmalıdır. Bildiyimiz kimi, ölkəmizə çoxsaylı qonaqlar, atletlər gəlir. Onların yerləşdirilməsi, asudə vaxtlarının təşkili var. Belə səbəblərdən, mənə elə gəlir ki, bu cür çempionatlar Bakıda keçirilməlidir. Paytaxtımızda bununla bağlı müəyyən işlər görülür. Belə ümid edirəm ki, çox qısa zamanda Bakıda gözəl kanal yaradılsa, biz gələcək də həm Avropa, həm də dünya çempionatını təşkil edə bilərik".

Xəbər 2329 dəfə oxundu.