Yunan-Roma güləşçilərimiz Bakıda keçiriləcək “Qızıl Qran-pri” beynəlxalq turnirinə ciddi hazırlaşırlar
Bakıda keçiriləcək və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinə ciddi hazırlaşan yunan-Roma güləşi üzrə milli komandamızın mətbuat üçün açıq məşqi olub.

Məşqdən sonra jurnalistlərə açıqlama verən yığma komandanın baş məşqçi əvəzi Akif Əliyev Azərbaycanın Olimpiya mükafatçıları Rəsul Çunayevin, Rövşən Bayramovun və Sabah Şəriətinin beynəlxalq turnirdə iştirak etməyəcəklərini bildirib. Rio Olimpiadasının bürünc medalçısı R.Çunayevin zədə səbəbindən Bakıdakı turniri buraxmalı olacağını vurğulayan A.Əliyev qeyd edib: “Rəsul zədəsi ilə əlaqədar Türkiyədə əməliyyat olunub və hazırda oradadır. İdmançımız həkim nəzarəti altında bərpa prosesi keçir və bir müddət güləşə bilməyəcək. Amma o, gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək. Sabah Şəriəti və Rövşən Bayramov da zədə üzündən turnirdə çıxış etməyəcəklər. İdmançıların çıxış etməməsinə həkimlər qərar veriblər”.

“Qızıl Qran-pri”yə hazırlıqla bağlı danışan idman mütəxəssisi deyib: “Məşqlər yüksək səviyyədə davam edir. Azərbaycanı layiqli şəkildə təmsil etməyə çalışacağıq. Hazırda qırğızıstanlı idmançılarla birgə təlim-məşq toplanışı davam edir. İdmançılarımız məsuliyyəti dərindən dərk edirlər. Düzdür, idmanda qələbə də olur, məğlubiyyət də. Ancaq yüksək nəticə qazanmağa çalışacağıq. Artıq heyətimiz müəyyənləşib. Hər çəki dərəcəsində üç güləşçimiz çıxış edəcək”.

“Qızıl Qran-pri” beynəlxalq turniri noyabrın 24-26-da Bakı İdman Sarayında keçiriləcək. Turnirin proqramına əsasən, yunan-Roma güləşçiləri yarışların sonuncu günündə mübarizə aparacaqlar. Noyabrın 24-də sərbəst, 25-də isə qadın güləşi üzrə yarışların qalibləri müəyyənləşəcək. İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də olacaq.

Beynəlxalq turnirin rəsmi media tərəfdaşı AZƏRTAC-dır. Yarışlar “İdman Azərbaycan” kanalı ilə yayımlanacaq.

Xəbər 650 dəfə oxundu.