Avropanın güclüləri sırasına qayıtmaq üçün
Gələn həftə Avropanın futzal mövsümünün son ciddi rəsmi sınağı keçiriləcək. Azərbaycanı UEFA kubokunda təmsil edən "Araz" elit raundda mübarizəyə Xorvatiya paytaxtı Zaqrebdə qoşulacaq.

Noyabrın 23-də komandamız ilk sınağını "Dom Sportova" idman zalında ev sahibinin komandası "Nasional" ilə keçirəcək. Ertəsi gün "Araz" gücünü bu yarışın son qalibi Rusiyanın Yuqorsk şəhərinin "Yuqra" klubu ilə sınayacaq. Bu klub 2015-ci ildə Rusiya çempionu olmaqla yanaşı, sonrakı mövsümdə UEFA kubokunun finalında İspaniyanın "İnter Movistar" klubunu məğlub edərək baş mükafata sahib çıxmışdı. Komandanı çalışdıran mütəxəssis də Azərbaycana yad olan şəxs deyil. 2011-ci ildə oyunçu karyerasını başa vurub ölkəmizə məşqçi kimi gəlsə də, növbəti ildən meydana qayıdıb milli komandamızın şərəfini qorumuş, braziliyalı gənc mütəxəssis Paulu Rikardu Figeyra Silva və yaxud sadəcə "Kaka" çalışdırır.

Ayın 26-da isə komandamız bu yarışda ilk dəfə elit raunda qədər irəliləmiş Almaniya "Hamburq Panterz"ini sınağa çəkəcək. Qrupda yarışın qalibi gələn ilin aprelində keçiriləcək "Dördlər finalı"na vəsiqə əldə edəcək.

Göründüyü kimi, Azərbaycan klubunu çətin və müşkül sınaq gözləyir. Lakin yarışın nəticəsi yeni baş məşçi ilə "Araz"ın ilk ciddi sınağı da adlandırıla bilər. Çünki buna qədər braziliyalı mütəxəssis Miltinyu, əsasən, ondan əvvəlki dövrün qəlibi üzərində çalışırdı. İndi isə onun hələ dünya çempionatında müşahidə etdiyimiz yenilikləri dərinləşdirməsini gözləməyə dəyər.

BATI YAR

Xəbər 741 dəfə oxundu.