Debüt ilinin final təəssüfündən uzaq olmaq üçün
Hakimin səhvinin təkrarlanmaması üçün son söz onun vətənində deyilməlidir


"Qarabağ"ın Avropa liqasındakı debüt ilində uğurlu çıxışının son notları yəqin hələ uzun illər azarkeş ordusunun yadından çıxmayacaq. 2014-cü il dekabrın 11-də İtaliya "İnter"i ilə Bakıdakı son qrup oyununda çexiyalı referi Miroslav Zelinkanın buraxdığı kobud səhv nəticəsində qolu qeydə alınmayan "Qarabağ" pley-off mərhələsindən məhrum edilmişdi.

O vaxt "Qarabağ"ın evdə "Dnipro" ilə dişsiz oyunu da həmin vaxt çox müzakirə olunmuşdu. Sanki tarix təkrarlanmaq üçün dövr edir. Yenə həmin ssenariyə doğru yol gedirik. Lakin bu dəfə təmsilçimiz onun təkrarlanmaq təhlükəsinin qarşısını elə Çexiyada ala bilər. Bunun üçün təkcə son iki matçdakı uğurlu oyun deyil, həm klubun tarixindəki ən məzmunlu futbol parametrlərinin dolğunluğu, həm də taktiki-strateji mübarizliyi davam etdirməlidir. Son səfər qələbəsi qrupdakı bütün mübahisələrin üzərindən, çox böyük gümanla, xətt çəkə bilər. Əlbəttə, "Fiorentina" doğma divarlar arasında PAOK-a məğlub olmaq fikrinə düşməsə, bütün suallar cavabını tapacaq.
Avropa liqasındakı ötən oyunlara qısa nəzər salsaq, əsasən, 3-cü tur ardı və 4-cü tur ərəfəsi söylədiklərimizin bir qismini təkrarlamalı olacağıq. Təəssüf ki, "Qəbələ" bu dəfə də rəqiblərinə ciddi rəqabət göstərə bilmədi. Komandanın oyununda dəyişiklik olsa da, bunun keyfiyyət göstəricisi yoxdur. Səbəb isə yenə də, ilk növbədə, komandanın özünə hesabat verməməsidir. Rəqibləri təhlil etmək, oyun planını, baxış bucağını, strateji yanaşmanı dəyişmək lazım olduğu halda, "Qəbələ", sadəcə, rəqibləri qarşısında aciz görünməməyi hədəfləmiş kimi görünür. Belə olduqda, yaxşı oynamaq, bəzən uğurlu nəticə də əldə etmək olar, fəqət yüksəlişdən söz gedə bilməz, oyun göstəricilərində də bunun təsiri olmayacaq. Artıq "Qəbələ" Avropadakı rəqiblərindən çəkinməməlidir. Bunu komandanın oyunları da əyani nümayiş etdirir.

"Qarabağ" isə artıq oturuşmuş oyununa yeni cizgiləri öz səhvləri üzərində əlavə edib. Bu hələ ölkə çempionatında da effekt verməyə başlayıb. Lakin bu hələ ürkək, kövrək uğurlardır. Onun möhkəm təməli üçün daha əsaslı nəticələrə, ələlxüsus da qrupdan yüksəlməyə ehtiyac var. Noyabrın son cümə axşamı günü Liberesdə yeni tarixin təməlini qoymaq üçün hər bir əsas var. Əlbəttə, bunun üçün "Fiorentina" da məğlub olmalıdır. Bu zaman heç-heçə də yetərli nəticə olacaq. Amma buna bel bağlamadan "Qarabağ" qələbə üçün, ilk turda "Slovan"la evdə buraxdığı səhvləri də düzəltməklə qələbə qazanmaq üçün hər bir imkana malikdir. Növbəti turda qalib gələcəyi təqdirdə yalnız PAOK-un Florensiya qələbəsi vəziyyəti gərginləşdirə bilər. Avropa liqasının pley-off mərhələsi isə daim sürprizli əsaslı uğurlara yol açır. İstənilən halda təkcə "Qarabağ" deyil, həm də Azərbaycan klub futbolu üçün mərhələ keyfiyyətcə yeni mərhələnin təməli də ola bilər. Bunun üçün, sadəcə, hər hansısa arxayınçılıqdan uzaq meydana çıxıb mübarizə aparmaq lazımdır.

Xəbər 616 dəfə oxundu.