“Bakı Şəhər Halqası” öz təcrübəsini beynəlxalq avtoidman cəmiyyətinin nümayəndələri ilə bölüşüb
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nümayəndə heyəti “Moscow Raceway” avtodromunda keçirilmiş “Russian Motorsport Forum” beynəlxalq avtoidman forumunda iştirak edib.

Rusiyadan, həmçinin regionun digər ölkələrindən ümumilikdə 250-dən çox avtoidman nümayəndəsinin iştirak etdiyi forumda bölgədə mövcud çətinliklərin həlli və bu sahənin gələcək inkişafı müzakirə olunub.

Tədbirdə milli və beynəlxalq yarışların təşkilatçıları, federasiya və aparıcı komandaların nümayəndələri, avtodrom rəhbərləri, sahibkarlar və avtoidman jurnalistləri iştirak ediblər.

BŞH-nin icraçı direktoru Arif Rəhimov forumda çıxış edərək şəhər yarışlarının təşkili prosesindən danışıb və gələcək mövsümlə əlaqədar planları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, isti yay günlərinə təsadüf edən və paytaxtımızda ilk dəfə keçirilən Avropa Qran-prisi Bakı Şəhər Halqasında yüksək səviyyədə təşkil olunub. Bu yarış şəhər yarışları arasında ən sürətli trek ünvanına sahib oldu. Dünyanın 47 ölkəsindən Bakıya təşrif buyurmuş qonaqlar Valtteri Bottas tərəfindən (rəsmi olaraq, saatda 366 kilometr, qeyri-rəsmi saatda 378 kilometr) müəyyən edilmiş yeni sürət rekorduna şahid olublar. Bundan əlavə, “Williams Martini Racing” komandası daha bir yeni rekorda - ən sürətli pit-stop əməliyyatına (1.92 saniyə) imza atıb.

Çıxışında qarşıda duran vəzifələr və Formula-1 Bakı mərhələsinin gətirdiyi dividendlər barədə də məlumat verən Arif Rəhimov deyib: “İlk yarış bizim gözləntilərimizdən də yüksək səviyyədə keçdi. Bütün pilotlardan, Formula-1 və Beynəlxalq Avtomobil Federasiyasının əməkdaşlarından müsbət rəylər aldıq. Bakının mərkəzi küçələrində keçirilmiş şəhər yarışının təşkili ideyası hərtərəfli şəkildə özünü doğrultdu. Bu, həmçinin Azərbaycanın dünyada özünü tanıtmasına və turist axınına töhfə verdi. Digər tərəfdən, dekabrın 1-dən etibarən 2017-ci il Formula-1 Avropa Qran-prisi üçün 30 faizədək endirimlə biletlərin satışına başlayırıq. Rusiyada və qonşu ölkələrdə olan Formula-1 azarkeşlərini bu fürsətdən yararlanaraq növbəti il Bakıda keçiriləcək yarışa dəvət edirik”.

Bakıda sayca ikinci dəfə keçiriləcək Avropa Qran-prisinin gələn il iyunun 16-18-də təşkil olunması gözlənilir.

Xəbər 752 dəfə oxundu.