Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində Konstitusiya Gününə həsr olunmuş 2005-ci il təvəllüdlü və daha az yaşlı oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb.

Noyabrın 9-da başlayan və şəxsi xarakter daşıyan yarışda Bakı və regionlardan 140-a yaxın idmançı mübarizə aparıb.

Bu münasibətlə təşkil edilən tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Səbuhi Mehdizadə ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə fiziki sağlamlığın qorunması, idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, respublikamızın idman imicinin yüksəldilməsi, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Federasiyanın vitse-prezidenti ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını, onun inkişafı istiqamətində görülən işləri vurğulayıb.

Oğlanların yarışında Emin Məmmədov qızıl, Xaliq Becanov gümüş, İlkin Abdulov və Adil Əhmədzadə bürünc medal qazanıblar. Qızların mübarizəsində Fidan İranpur fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xədicə Əbilzadə yarışı ikinci, Aysu Rəsulzadə və Hüsniyyə Novruzova isə üçüncü pillədə başa vurublar.

Sonda mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim edilib.

Xəbər 753 dəfə oxundu.