Cüdoçularımız Avropa çempionatında mübarizəyə qoşulur
Noyabrın 11-də Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.

İlk yarış günündə Azərbaycan millisinin beş idmançısı tatami üzərinə çıxacaq.

Mübarizəyə 60 kiloqram çəki dərəcəsində qoşulacaq perspektivli cüdoçumuz Mehman Sadıqovun ilk qarşılaşması onaltıdabir finala təsadüf edəcək. Həmyerlimiz mərhələ adlamaq üçün Nikolae Foka (Moldova) ilə üz-üzə gələcək. Yığmamızın digər üzvü Davud Məmmədsoy isə ilk döyüşünü ermənistanlı Şahen Abaqyana qarşı keçirəcək. Cütün qalibi səkkizdəbir finalda Yorre Verstraetenlə (Belçika) qarşılaşacaq.

Telman Vəliyevə (66 kq) təsnifat mərhələsində (1/32) macarıstanlı Martin Veqvarini rəqib olub. Təmsilçimiz mərhələ adlayarsa türkiyəli Bilal Ciloğlu ilə üz-üzə gələcək.

Millimizin ən güclülərindən hesab olunan Hidayət Heydərov (73 kq) onaltıdabir finalda Çarilaos Hadjiadamou (Kipr) ilə qüvvəsini sınayacaq. Bu çəkidə digər idmançımız Fəqan Quluzadənin rəqibi isə serbiyalı Milan Nikoliç olacaq.

Qeyd edək ki, millimiz Avropa çempionatına 9 cüdoçu ilə yollanıb. Yarışın ikinci günündə daha dörd təmsilçimiz mübarizəyə qoşulacaq.

Xəbər 657 dəfə oxundu.