Güləş üzrə beynəlxalq “Qızıl Qran-pri” turnirində 700-dək idmançı iştirak edəcək
Noyabrın 24-dən 26-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə beynəlxalq “Qızıl Qran-pri” turnirinin final mərhələsi keçiriləcək.

Sayca doqquzuncu dəfə keçirilən turnir Bakı İdman Sarayında təşkil olunacaq. Turnirdə 50-dən çox ölkədən 700-dək idmançı iştirak edəcək.

Proqrama əsasən, yarışların birinci günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da keçiriləcək.

Beynəlxalq turnirin rəsmi media tərəfdaşı AZƏRTAC-dır. Yarışlar “İdman Azərbaycan” kanalı ilə yayımlanacaq.

Qeyd edək ki, mötəbər beynəlxalq yarışları yüksək səviyyədə işıqlandıran AZƏRTAC Azərbaycanda keçirilən bir sıra mötəbər idman tədbirlərinin, o cümlədən “Bakı-2015” birinci Avropa Oyunlarının, Formula-1 Avropa Qran-prisinin, Arena Polo üzrə Dünya Kuboku yarışlarının rəsmi media tərəfdaşı olub.

Xəbər 826 dəfə oxundu.