Qaxda Dövlət Bayrağı Günü münasibətilə veloyürüş təşkil olunub
Dövlət Bayrağı Günü respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da yüksək əhval-ruhiyyə ilə qeyd edilir.

Əlamətdar gün münasibətilə noyabrın 9-da Qax şəhərində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Sonra yeniyetmə və gənclərin iştirakı ilə veloyürüşə start verilib. Əllərində Azərbaycan bayrağı tutan yüzdən artıq velosipedçi şəhərin küçələrindən keçərək sakinlərə xoş anlar bəxş ediblər. Veloyürüş Ulu Öndər Heydər Əliyevin abidəsinin ucaldığı mərkəzi meydanda başa çatıb.

Əlamətdar gün münasibətilə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə bir qrup gənc Böyük Qafqaz sıra dağlarının rayon ərazisindəki “Ulubaş” yüksəkliyinə yürüş edib. Gənclərimiz Azərbaycanın dövlət bayrağını dağın zirvəsində dalğalandırıblar.

Dövlət Bayrağı Günü münasibətilə rayonun təhsil və mədəniyyət müəssilərində şeir və rəsm müsabiqələri keçirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Xəbər 722 dəfə oxundu.