Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında bütün idman növlərində və çəkilərdə mübarizəyə qatılacaq
Noyabrın 8-də IV İslam Həmrəyliyi Oyunları Əlaqələndirmə Komissiyasının sayca 4-cü iclası ilə əlaqədar mətbuat konfransı keçirilib.

Konfransda IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malbum və digər rəsmilər iştirak ediblər.

A.Rəhimov bildirib ki, komissiyanın 4-cü iclasında vacib məsələlərlə bağlı qərarlar qəbul olunub. O, Təşkilar Komitəsinin və işçilərinin artıq işlərinin başında olduğunu, bütün departamentlərdə işlərin getdiyini bildirib. Artıq 49 ölkənin Bakıda IV İslam Həmrəyliyi Oyunlarında iştirakını təsdiqlədiyini bildirən nazir qeyd edib ki, bu son deyil, iştirakçı ölkələrin sayının artacağı gözlənilir: “Yarışlar paytaxtın əsasən 16 müasir idman qurğusunda keçiriləcək. Bu mötəbər yarışa 3 mindən daha artıq idmançının qatılacağı gözlənilir. Hələlik, onların tam siyahısı bəlli deyil. Onların sayı tam dəqiq ilin sonunda bəlli olacaq. Ən vacib məsələ yarış cədvəlinin hazırlanmasıdır. Bu da idmançıların sayından asılıdır. Nəqliyyat, qidalanma və digər məsələlərdə dost olimpiya komitələri ilə geniş iş aparılır. Bundan sonra isə akreditasiya məsələləri həll olunacaq. Bütün hazırlıqlar plana uyğun davam etdirilir”.
Nazir IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ev sahibi kimi bütün idman növlərində və çəkilərdə mübarizəyə qatılacağını qeyd edib:“ İdmançılar 24 idman növündə mübarizəyə qatılacaq. Əsas ciddi məsələlərdən biri gələn idmançılar və digər nümayəndələrin burada yerləşdirilməsi məsələsidir ki, artıq hamısı həllini tapıb. Onlar Atletlər Kəndində yerləşdiriləcək və nəqliyyatla təmin olunacaqlar.Yəni bu barədə heç bir problem yoxdur. Biz bu yarışı təkcə Azərbaycan və İslam ölkələri üçün deyil, bütün dünya üçün keçiririk. İnanıram ki, bu yarış bütün müsəlmanları bir araya gətirəcək. Eyni zamanda bu oyunlar islam dünyası xalqlarının idman bayramı kimi qeyd edilməlidir. Habelə, bu oyunlar müsəlmanlar arasında birlik, sülh, hörmət və mükəmməlliyi birləşdirəcək. Bu yarışın məqsədi də məhz budur. Oyunlara 6 aydan çox bir vaxt qalıb və təbii ki, bu müddət ərzində görülməli işlər çoxdur. Lakin sevinirəm ki, ötən vaxt ərzində hazırlıq prossesi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyalarından müsbət rəylər almışıq. İslamiadada yayım hüquqları ilə bağlı məsələyə gəlincə isə, deyə bilərəm ki, danışıqlar hələ davam edir. Bu məsələyə də yaxın günlərdə aydınlıq gələcək”.
Rəhimov möhtəşəm açılış mərasiminin baş tutacağını istisna etməyib: “ IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinə gəlincə isə, bu Bakı Olimpiya Stadionunda baş tutacaq. İndi açılış və bağlanış mərasimlərinin tam ssenarisini açıqlamaq istəmirik. Bu qoy sirr olaraq qalsın. Qısaca bildirim ki, müxtəlif tarixi mövzulardan söhbət açılacaq. İslam dünyasının, habelə şərqin tarixi mövzularından bəhs olunacaq. Artıq yarışın simvolu da bəllidi. Amma istəyirəm ki, bu da sürpriz olaraq qalsın. Xüsusi olaraq qeyd edim ki, simvolun adı “maskot”dur. Mən sizə zəmanət verirəm ki, çox maraqlı olacaq və hər kəsin xoşuna gələcək, əsasən də gənclərin. Bütün təşkilati məsələlər Avropa Oyunlarında və digər yarışlarda olduğu kimi olacaq. Əminəm ki, hər şey yüksək səviyyədə təşkil olunacaq”.

Nazir bildirib ki, bütün idman növləri üzrə hazırlıqlar lazımi qaydada gedir: “Biz Avropa Oyunlarında da gözləmirdik ki, idmançılarımız medal saylarına görə ikinci yerə çıxacaq, amma buna nail olduq. Ən azı istəyərdik ki, keçən ilki nəticə bu oyunlarında da təkrarlansın. Ancaq proqnoz vermək düzgün olmazdı. Bu idmançıların hazırlığından asılıdır. Hazırlıq tam şəkildə gedir. Həmçinin onu da əlavə edim ki, müsəlman ölkəsi olmayan, lakin müsəlmanların məskunlaşdığı ölkələr də rahat şəkildə İslam Həmrəyliyi İdman Federasiyasına müraciət edə bilərlər. Çünki bu, Təşkilat Komitəsinə aid deyil. Bu oyunların biletlərini həm internet vasitəsilə, həm də idman qurğularında əldə etmək mümkün olacaq. Onların satışı təxminən gələn ilin mart və aprel aylarında olacaq”.

Konfransda Polkovnik Hamad Kalkaba Malbum oyunların yüksək səviyyədə keçirilməsinə əminliyini ifadə edib: "Anlayırıq ki, Azərbaycan Respublikasının Prezidenti bu Oyunlara yüksək önəm verir və dəstəkləyir. Bu oyunların hazırlığında gözəl ab-hava, gözəl ruh var. Biz bunu aydın şəkildə görürük. Burada iştirak etmək bizim üçün şərəfdir. Şübhəsiz ki, yarışlara qədər lazımi məkanlar, arenalar hazır olacaq. Avadanlıq və yerləşmə məsələlərində heç bir problem yoxdur. Jurnalistlərdən xahiş edirəm ki, siz də bu yarışlar üçün maarifləndirməyə öz tövhənizi verəsiniz. Sizə bu işlərdə uğurlar arzulayıram".

Qeyd edək ki, 2013-cü ilin iyul ayında Cidde şəhərində İslam Həmrəyliyi Oyunları Federasiyasının (İHİF) Ümumi Yığıncağında Oyunların Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınıb. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin fərmanı ilə Təşkilat Komitəsi yaradılıb və həmin komitəyə rəhbərlik Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya həvalə olunub. Azərbaycanın İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Oyunları İHİF ilə birgə əməkdaşlıqla keçirəcək.


Xəbər 781 dəfə oxundu.