“Qəbələ” idmançılarından 5 meda
Balakəndə keçirilən Yeniyetmələrin 8-ci Respublika Oyunlarında boks və sərbəst güləş yarışlarına yekun vurulub. “Qəbələ” İdman Klubunun təmsilçiləri hər iki növdə uğurla çıxış ediblər. İdmançılarımız ümumilikdə 5 medal qazanıblar.

2003-2004-cü il təvəllüdlü boksçuların mübarizəsində yarışa qatılan hər iki idmançımız qızıl medal qazanıb. Elbrus Adıgözəlov 38 kq, klubumuzun Qəbələ bölməsinin üzvü Nurlan Qasımov 59 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, çempion adına yiyələnib. “Qəbələ” medal hesabında 3-cü yeri tutub.

Balakən Olimpiya Kompleksində təşkil olunan sərbəst güləş yarışlarında isə 44 rayon və klubun nümayəndələri qüvvəsini sınayıblar. “Qəbələ”nin idmançıları 2 gümüş və 1 bürünc medala sahib olublar. Qəbələ bölməsinin yetirməsi olan Dəyanət Veyselov 47kq, Rəvan Əliyarov 50kq çəki dərəcəsində finala qədər irəliləyib və yalnız həlledici qarşılaşmada məğlub olublar. Onlar Respublika Oyunlarının gümüş mükafatını qazanıblar. 32 kq çəki dərəcəsində mübarizə aparan Tural Niftiyev də fəxri kürsüyə qalxıb. İdmançımız yarışın bürünc mükafatçısı olub.

Xəbər 618 dəfə oxundu.