Balakəndə XIII respublika oyunlarının final mərhələsinin sərbəst güləş yarışları keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə noyabrın 5-də Balakən Olimpiya İdman Kompleksində idman məktəbləri arasında XIII respublika oyunlarının final mərhələsinin sərbəst güləş yarışlarının açılış mərasimi təşkil olunub.

Əvvəlcə yarış iştirakçıları və təşkilatçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra iştirakçılar Şəhidlər xiyabanına gələrək Vətənin bütövlüyü uğrunda canlarından keçənlərin məzarını ziyarət edib, xatirələrinə ehtiramlarını bildiriblər.

Açılış mərasimində ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev güləşçilərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın bütün növləri, o cümlədən güləş sürətlə inkişaf edir.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev yarışın əhəmiyyətini yüksək qiymətləndirib və ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətindən danışıb.

Sonda Azərbaycanın dövlət himni səsləndirilib və yarışlara start verilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və Balakən rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2004-2006-cı il təvəllüdlü idmançılar mübarizə aparıblar. Turnirdə Azərbaycanın regionlarından 200-dək güləşçi birincilik uğrunda yarışıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Bəşir Verdiyev (26 kq), Ruslan Abdullayev (29 kq), Musa Verdiyev (32 kq), Ramik Heybətov (35 kq), Sənan Qurbanov (38 kq), Ağanəzər Novruzov (42 kq), Sənan İmanzadə (47 kq), Orxan Əliyev (50 kq), Məmməd Məmmədov (53 kq), Abdul Əliyev (56 kq), İsmayıl Çıraqov (59 kq), Sabir Osmanov (63 kq), Nihat Nəsirov (66 kq), Yusif Dursunov (70 kq), Rüfət Babayev (73 kq) və Bərxudar İsmayılov (78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sonda qaliblərə mükafatlar təqdim olunub.

Xəbər 1080 dəfə oxundu.