Kəpəz Sumqayıtla oyuna 5 itki ilə çıxacaq
Topaz Premyer Liqasının 11-ci turunda doğma divarlar arasında “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” bu gün Gəncəyə gəlib. Oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən komanda matç öncəsi son məşqinə görüşə ev sahibliyi edəcək stadionda çıxıb.

Təxminən 45-50 dəqiqə sürən hazırlıq prosesi yüngül xarakter daşıyıb. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan məşq toplu çalışmalarla davam edib və taktiki məşqlə başa çatıb.

Məşq mətbuat və azarkeşlər üçün açıq olub. Hazırlığın sonunda fanatlar futbolçularla şəkil çəkdirib, avtoqraf alıblar.

Qeyd edək ki, “Kəpəz” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq. Komandanın beş əsas futbolçusu cəza və zədə səbəbindən qarşıdakı matçda “sarı-göylər”ə kömək edə bilməyəcək.

Gəncə klubunun kapitanı Tural Axundov və Renan da Silva cəzalı duruma düşüb. Axundov bir tur öncə “Zirə”yə qarşı matçda qırmızı vərəqə alıbsa, braziliyalı sarı vərəqə limitini doldurub.

Zədəlilərə gəlincə, bunlar Şəhriyar Əliyev, Vüqar Bəybalayev və Dario Federikodur. Sonuncu bu həftədən fitnes məşqlərinə başlayıb. Son iki gündə kollektiv çalışmalara qoşulan Əliyev və ötən həftədən məşqlərə başlayan Bəybalayev isə tam hazır olmadığından oynaya bilməyəcək.

İtkilərin yerini doldurmaq üçün “Kəpəz”in baş məşqçisi Şahin Diniyev əsas komandaya əvəzedici heyətdən beş oyunçu dəvət edəcək.

Xəbər 680 dəfə oxundu.