Son ümid şansı: səfərdən xalla qayıtmalı, evdə qələbə qazanmalı
Avropa futbol liqasında mübarizə aparan Azərbaycanın iki klubunun builki həqiqət anı yetişir. Komandalarımız 4-cü turun oyunlarına cümə axşamı çıxacaqlar. Bu görüşləri onlar üçün son ümid şansı da adlandıra bilərik.

Ötən tur "Qarabağ", nəhayət, ondan gözlənilən oyunu nümayiş etdirə bildi. Ümumiyyətlə, son üç il ərzində Avroliqa oyunlarından məhz bu görüşü "Qarabağ"ın ən yaxşı düşünülmüş oyunu adlandıra bilərik. Buna qədər bəzən şövq, bəzən oyun üstünlüyü, bəzən periodik kəsər komandamıza qələbə qazanmağa, yaxud ümidverici nəticə ilə meydandan ayrılmağa kömək edirdi. İlk dəfə idi "Qarabağ"dan əsl futbol parametrləri ilə qiymətləndirə biləcəyimiz - əvvəldən sonadək taktiki cəhətdən bişmiş oyun izləyirdik. Bunun, sadəcə, bir oyunluq sıçrayış, daha dəqiq desək, ilğım olmadığını "Qarabağ" növbəti görüşlərdə göstərməlidir.

PAOK-la ötən görüş təkcə bununla əlamətdar olmadı. Ağdam klubu sönük başladığı bir yarışda həm də əvvəldən vəd etdiyi mərhələ ümidini dirçəldib. Qarşıda, komandanı daha çətin rəqabət gözləyir. Təmsilçimiz ümidlərinin əbəs olmadığını və yarışı rəqiblərdən asılı vəziyyətə salmamaq üçün Yunanıstan səfərindən ən azı bir xalla qayıtmalıdır. Lakin, məncə, Ağdam klubu qarşısına daha maksimal vəzifə qoymalıdır. Bunun üçün nəinki hər bir potensial, həm də futbolçu ehtiyatı və taktiki düşüncə tərzi var. Sadəcə, bu klubla təkcə ötən oyunu deyil, həm də yunan təmsilçisinin bundan əvvəlki matçlarını və ölkə çempionatındakı həlledici rəqiblərlə son matçını izləmək yetərli olar.

Bu rəqiblə oyunda "Qarabağ" üstünlük yarada bilər. Öncə, rəqibin ev sahibi kimi bəzi planlarını təxmin edərək ona qarşı silahlarını işə salmalıdır. Elə Azərbaycan çempionunun ənənəvi oyun üslubunda da buna imkan verən məqamlar var. Daha çox rəqibi mənəvi cəhətdən sarsıtmaq lazımdır və bunun üçün futbolçuların fərdi keyfiyyətlərini bariz nümayiş etdirməsinə ehtiyac var. Amma bu fərdilik hər epizodun yekununda komanda oyununda əriməlidir. Bu qarşılaşmada qələbə komandamıza sonrakı çətin matçlarda üstünlük qazandıra bilər. Çünki 5-ci turda da səfər qələbəsi aktual olacaq.

Açığı, bu dəfə yaxşı nəticə göstərmək imkanı olan "Qəbələ"də yenə, keçənilki kimi, özünə, öz oyununa ciddi tənqidi yanaşmaq niyyəti aydın görünmür. Etiraf edi ki, bu komandanın Avropa liqasının qrup yarışına qatılması böyük uğurdur. Lakin bununla kifayətlənib, vəzifəni burada tamamlanmış saysaq, heç bir uğurdan söz aça bilməyəcəyik. Son matçında "Qəbələ" çox yaxşı oynadı. Lakin debütant üçün "yaxşı oynadı, lakin..." qiymətinə haradasa haqq qazandırmaq olardısa, bu dəfə daha tənqidi münasibətlə oyun tərzində dəyişikliyə nail olmaq zamanıdır.

Hiss olunur ki, "Qəbələ" diqqəti daha çox bu il Azərbaycan çempionu olmağa yönəltmək istəyir. Lakin cəmi bir ciddi rəqibin olduğu bir yarışda buna səy göstərmək bir az absurddur. Həm "Qəbələ", həm də "Qarabağ" üçün diqqəti Avropaya yönəltmək üçün hər bir şans var. Bu imkanı ona "Neftçi", "İnter", həm də ötən ilin debütantları sayılan "Zirə" ilə "Kəpəz" verib.

Əgər Avropa səviyyəsində qiymətləndirmədən söz salsaq, "Qəbələ"nin Fransada qələbə üçün oynadığını söyləmək olmaz. "Yaxşı oynadı" qiymətini ona yalnız Avropa miqyasında futbolun böyük yeri olan bir ölkənin təmsilçisi ilə üz-üzə gəldiyinə görə vermək olar. Lakin özü Avropa miqyasında rəqabət aparan, hələ üstəlik qarşısına məqsədlər, vəzifələr qoymuş, akademik səviyyədə futbol təsərrüfatı yaratmaq istəyən bir komanda üçün belə qiymətləndirmənin heç bir əsası yoxdur. Hətta potensial baxımdan rəqibindən heç nədə geri qalmayan "Qəbələ" bunu meydanda da göstərməyə qadirdir. Bu mənada Sent Etyenndə komanda heç də qənaətbəxş nəticə göstərmədi. Hərçənd etiraf edək ki, bu rəqiblə bərabər rəqabət aparmaq üçün hər bir imkanı olduğunu nümayiş etdirir. Məşqçi korpusunun buraxdığı kobud səhvlər nəticəsində qarşılaşmada nə oyunu gücləndirdi, nə də vəziyyəti xilas etmək üçün addım atdı. Qeyd etdiyim tənqidi yanaşma olsaydı, məşqçi korpusunda oyun qığılcımını izləyə bilərdik. Məşqçilərin rəqibi lazımınca dəyərləndirməmələri açıq-aydın hiss olunurdu. Hərçənd ki, cəmi altı turdan ibarət bu yürüşdə hər rəqibi izləmək və peşəkar qiymətləndirmə səviyyə baxımından klublarımız üçün məcburi addımdır. Çünki onların bu münasibəti, ümumiyyətlə, ölkədə futbolun inkişaf səviyyəsinə təkanverici qüvvədir. Yeri gəlmişkən, artıq hər uğurlu oyun deyil, məhz nəticə qiymət obyektidir. Qarşıdakı oyunlar isə bunun ən bariz nümunəsidir. İndi hər iki təmsilçimiz məhz nəticə üçün həlledici oyuna çıxacaq. Əlbəttə, "Qəbələ" də şanslarını itirməyib. Əksinə hərəsinin cəmi 5 xalı olan rərqiblərlə eyni səviyyədə mübarizə aparmaq üçün cüzi riyazi hesablama ilə hər oyuna qələbə niyyəti ilə çıxmaq yetər. İlk dövrənin matçları göstərdi ki, bunun üçün hər bir şans var, sadəcə, daha ciddi münasibətlə qərar verilməlidir. Doğrudur, "Qəbələ" hər oyunda maksimalist nəzəriyyə ilə məğlub da ola bilər. Çünki rəqiblər onun potensial imkanları üçün dişəçəkilən olduğu qədər də təhlükəlidir. Lakin meydanda, sadəcə əzmkar deyil, qalib gəlmək iddiasını nümayiş etdirən komanda qalib ola bilər. Bu halda, hətta məğlubiyyət də bəzən yüksək qiymətləndirilə bilər. Bunu komandanın 3-cü turdakı oyununda görmək mümkün oldumu? - Zənnimcə, yox, meydanda, sadəcə, əzmkar qonaq var idi. İndi isə yarışın elə bir məqamıdır ki, hər iki klubumuz planlaşmanı ciddi apararaq meydana yeni libasla çıxmalıdır.

BATI YAR



Xəbər 726 dəfə oxundu.