Ukraynanın “Karpatı” müalicə-kurort kompleksinin baş direktoru “Neftçi”nin bu ölkədəki fan-klubunun fəxri üzvü seçilib
Ukraynada fəaliyyət göstərən “Neftçi” fan-klubu bu ölkədə təbliğat kampaniyasını davam etdirir.

Bu istiqamətdə növbəti tədbir Ukraynanın tanınmış müalicə-kurort kompleksi olan “Karpatı”da keçirilib. Yerli və xarici turistlərin ən çox üz tutduqları məkanlarda fan-klubun üzvləri istirahət edənlərə “Neftçi” klubunun tarixi barədə məlumat veriblər.

Həmçinin fan-klub Ukraynada növbəti uğura imza atıb. Tanınmış müalicə-kurort kompleksi “Karpatı”nın baş direktoru Lev Qritsak fan-klubun fəxri üzvü seçilib.

Ukraynada fəaliyyət göstərən “Neftçi” fan-klubunun prezidenti, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov baş direktor ilə görüşdə ölkəmizdə idmana göstərilən dövlət qayğısından, atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən və respublikamızın irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etməsindən danışıb.

Ölkəmizdə futbolun inkişafı istiqamətində həyata keçirilən layihələr haqqında danışan E.Məmmədov deyib:
“Azərbaycanda digər sahələrdə olduğu kimi, idmanda da yüksək inkişaf hiss olunur. “Neftçi” isə ölkəmizin ən köklü klublarından biridir. Gənc futbolçuların yetişməsində klubun xidmətləri əvəzsizdir. Artıq komandanın Ukraynada da çoxlu azarkeşləri var. Sevindirici haldır ki, ukraynalı azarkeşlər Bakı klubu ilə maraqlanır və matçlarını hər zaman diqqətdə saxlayırlar”.

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının “Karpatı”nı Ukraynada ən təhlükəsiz kurort məkanı elan etdiyini vurğulayan Elmar Məmmədov buranın həmişə xarici turistlərin diqqət mərkəzində olduğunu vurğulayıb. Ukraynada Azərbaycan futbolunun təbliği istiqamətində görülən işlər barədə məlumat verən Elmar Məmmədov bundan sonra bu sahədə sıx əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Lev Qritsak Azərbaycan idmanının Ukraynada təbliğini yüksək qiymətləndirdiyini və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Sonra fan-klubun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda E.Məmmədov baş direktora “Neftçi” futbol komandasının formasını hədiyyə edib.

Qeyd edək ki, bir müddət əvvəl Elmar Məmmədov Morşin şəhərinin “Skala” futbol klubunun rəhbərliyi və üzvləri ilə görüşüb. Görüşdə fan-klubların əməkdaşlığına, onların üzvlərinin qarşılıqlı səfərlərinə, gənc idmançıların futbol akademiyalarında təcrübə keçməsinə dair tədbirlər razılaşdırılıb. Həmçinin tanınmış müalicə-kurort məkanlarından olan Truskavetsin meri Andrey Kulçinski fan-klubun bu şəhər üzrə fəxri sədri seçilib. Yerli və xarici turistlərin ən çox üz tutduqları məkanlardan olan bu şəhərdə fan-klubun üzvləri üzərində “Neftçi”nin loqosu olan su qabları paylayıblar. Şəhər sakinləri və turistlər tərəfindən maraqla qarşılanan layihə zamanı klubun uğurları barədə də məlumat verilib.

Xəbər 708 dəfə oxundu.