Nazir Biləsuvarda vətəndaşları qəbul etdi
Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 04-də Biləsuvar rayonunda vətəndaşları qəbul edib. Qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonundan ümumilikdə 20-dən artıq sakin iştirak edib.

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında baş tutan qəbulda gənclər, idman və digər sahələri əhatə edən mövzularla bağlı müraciətlər dinlənilib.

Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti aid olub.

Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Xəbər 1353 dəfə oxundu.