Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Serbiya Olimpiya Komitəsinin sədri, “Ana və Vlade Divats Fondu”nun təsisçisi Vlade Divatsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi. Ölkələrimiz arasında möhkəm tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayan Prezident İlham Əliyev Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana, özünün isə Serbiyaya səfərini məmnunluqla xatırlayaraq əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında idman sahəsində də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd etdi.
Ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu bildirən Vlade Divats təmsil etdiyi region üçün Azərbaycanın gördüyü işlərə görə şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. O, Azərbaycan ilə Serbiya arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.
Sonra Vlade Divats Azərbaycan və Serbiya, həmçinin Balkan ölkələri arasında çoxşaxəli əlaqələrin inkişafına verdiyi dəyərli töhfələrə, Azərbaycan və Balkan xalqlarının yaxınlaşmasında xüsusi xidmətlərinə, Belqraddakı “Taşmaydan” və “Bayraklı” parklarının yenidən qurulması və abadlaşdırması, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsinin ucaldılması, Novi Sad şəhərində “Müqəddəs Petaka” kilsəsinin tikintisi, Novi Pazar şəhərində mədəniyyət evinin yenidən qurulması, Sarayevo şəhərində “Bakı” küçəsinin və “Dostluq parkının” yenidən qurulması və abadlaşdırılması, Belqraddakı Körpələri, Uşaqları və Gəncləri Müdafiə Mərkəzinin Analar və Uşaqlar Ambulatoriyasına, həmçinin Voyvodina bölgəsində məskunlaşmış qaçqınlara humanitar yardımın göstərilməsi, Monteneqronun Virpazar bölgəsində daşqından əziyyət çəkən insanların humanitar yardımla təmin edilməsi, tanınmış serbiyalı yazıçı Milorad Paviçin “Xəzərlərin lüğəti” kitabının Azərbaycan dilində çap olunmasına hərtərəfli dəstəyin göstərilməsi, dünya şöhrətli serbiyalı alim Nikola Teslanın Bakıda abidəsinin ucaldılması qərarının verilməsi, nümunə ola biləcək müxtəlif mədəniyyətlərin yaxınlaşması, humanizm, xeyriyyəçilik və dini tolerantlığın möhkəmləndirilməsinə töhfələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ana və Vlade Divats Fondu”nun “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatına layiq görüldüyünü dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.
Mükafata görə təşəkkürünü bildirən dövlətimizin başçısı bunu Azərbaycan-Serbiya dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirdi.

AzərTAc

Xəbər 2613 dəfə oxundu.