Cüdoçularımızın “Böyük dəbilqə” beynəlxalq turnirindəki çıxışı yüksək qiymətləndirilib
Azərbaycan cüdoçuları Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” beynəlxalq yarışında uğurla çıxış ediblər. Milli komandamızın üzvləri Elxan Məmmədov, Rüstəm Orucov, Tural Səfquliyev müvafiq olaraq qızıl, gümüş və bürünc medal qazanıblar.

Qazanılan uğurla bağlı noyabrın 3-də Gənclər və İdman Nazirliyində mətbuat konfransı təşkil olunub. Beynəlxalq yarışdan Vətənə qayıdan mükafatçılar da tədbirə qatılıblar.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, atletlərimizin beynəlxalq arenadakı uğurlu çıxışından və ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etməsindən danışıb. Həmçinin digər idman növləri kimi cüdonun da respublikamızda inkişaf etdiyini diqqətə çatdırıb.

Beynəlxalq turnirin mükafatçıları yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini və “Böyük dəbilqə”yə ciddi hazırlaşdıqlarını vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan millisi kişilərin yarışında komanda hesabında birinci yeri tutub. Aktivində bir qızıl və üç bürünc medal olan Rusiya yığması isə ikinci yerdə qərarlaşıb. Bir qızıl və bir bürünc medal qazanan Serbiya cüdoçuları isə turnirin üçüncüsü olublar.

Xatırladaq ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı “Böyük dəbilqə” turnirində Azərbaycan millisi 12 idmançı ilə təmsil olunub.

Xəbər 652 dəfə oxundu.