UEFA Avropa Liqası: “Qəbələ” “Sent-Etyen” klubunu qəbul edəcək
Noyabrın 3-də UEFA Avropa Liqasın qrup mərhələsi çərçivəsində IV turun görüşləri oynanılacaq.

Ümumilikdə 12 qrup üzrə 24 oyun keçiriləcək. Təmsilçimiz “Qəbələ” klubu da Avropa Liqasında növbəti matçına çıxacaq. “Qəbələ” Bakıda Fransanın “Sent-Etyen” komandasını qəbul edəcək.

“Qəbələ” iki həftə əvvəl səfərdə minimal hesabla məğlub olduğu rəqibi ilə bu dəfə doğma meydanda üz-üzə gələcək Roman Qriqorçukun yetirmələri qrup mərhələsində ilk qələbə sevincini yaşamaq istəyirlər.

Turnirdə ardıcıl üç oyunda uduzan təmsilçimiz ilk 3 xalını qazanmaq və uğursuz seriyanı qırmaq üçün mübarizə aparacaq. Əks halda, “Qəbələ” növbəti mərhələ üçün olan şansı da itirəcək.

“Qəbələ” səfər matçı ilə müqayisədə daha güclü heyətlə meydana çıxmaq imkanına malikdir. Çünki zədəlilərdən Rəşad Sadiqov artıq heyətə dönüb. Məşqlərə qatılan digər aparıcı oyunçu Nika Kvekveskiri və Elvin Camalovun da iştirakı istisna deyil. Baqali Dabo isə bu dəfə də heyətdən kənarda qalıb.

Qeyd edək ki, “Qəbələ”–“Sent-Etyen” matçı 8-ci km qəsəbə stadionunda saat 22:00-da başlayacaq.

Xəbər 624 dəfə oxundu.