Futbol mövsümü qış gəlməmiş “üşüməyə” başlayıb
Milli futbol çempionatında böyük qış fasiləsinə hələ iki ay qalıb. Bu müddət ərzində komandalar dörd turda qüvvələrini sınayacaqlar. Lakin indidən “üşüməyə” başlamış klublar qış hazırlığı üçün çırmanmağa, yeni libas axtarmağa başlayıblar. Çünki hələlik at üstündə olan, həm də Avropada çıxış edən iki klubdan savayı, heç bir kollektiv sabit oyun nümayiş etdirmir. Hərçənd qalan klublar arasında, az-çox, "İnter" öz simasını qoruya bilib, onun da rəqib sarıdan bəxti gətirib. Digərləri isə yay transfer dövründə iflasa bərabər hazırlıq keçdiklərini, çox səhvlərə yol verdiklərini deməsələr də, bunu dolayısı yolla etiraf edirlər.

Belə vəziyyətin yaranmasına gətirib çıxaran səbəblər, hər kəsə bəllidir. Dalana dirənmiş, yaxud pat vəziyyətdən çıxış yolu üçün axtarışlara da, əslində, ehtiyac yoxdur. Ümumi qərarla ölkədə klub futbolunun dayaqlarına təkan verən yeniliklər edilməlidir. Bunun üçün komandaların yaranması və idarə olunmasından tutmuş gənc futboçuların yetişdirilməsinə qədər proqram xarakterli real, yəni həyata keçiriləcəyinə əminlik yaradan mini-planlar qurulmalıdır. Şifrəni açan məqam da bəllidir - təməl prinsipdə birinci divizion inkişaf etdirilmədən, ikinci dəstə yaradılmadan, həvəskar futboluna diqqət artırılmadan hansısa uğurlar, sadəcə, ilğım xarakterli olacaq. Bunu milli komandanın, klubların Avropa miqyasındakı ən uğurlu oyunlarının arenalara topladığı azarkeş kütləsi də əyani nümayiş etdirir. Bu bir baxış bucağıdır, amma illərdir buna nail olunmayıbsa, başqalarından hələ söz açmağa dəyməz. Amma indiki vəziyyətdə, üzdə olan komandaların da belə duruma düşməsi faktiki klub rəhbərliyinin idarəetmədə yol verdiyi nöqsanların etiraf edilməsinə bərabərdir.

Keçək icmalımıza. Turdan-tura ən əhəmiyyətli hadisə klubların turnir cədvəlində də sıralamada obyektiv güc mənzərəsinin yaranmasıdır. Hətta komandalar arasındakı xal fərqi də bu dürümün əyani tablosuna çevrilib. Bundan sonra hər hansısa dəyişiklik baş verməsə, komandalar bu gedişlə ancaq uçuruma doğru irəliləyəcəklər.

Yəqin, hələ çempionun bəlli olmaması bu vəziyyətin yeganə intriqasıdır. "Çempion "Qarabağ", yoxsa "Qəbələ" olacaq" sualının cavabı yalnız bu iki klub arasındakı rəqabətdə bəlli olacaqsa, builki mövsümün özünü də geriyə addım adlandırmaq olacaq. Yəqin gələn ilin Avropa planları barədə də geniş danışmağa dəyməz. Mənzərə tam aydındır. Yenə də prezidentini dəyişməyə hazırlaşan "İnter"dəki vəziyyət aydındır. "Zirə" ilə "Kəpəz"in natamam mübarizəsindəki vəziyyəti ötən bazar günü onların dueli də əyani nümayiş etdirdi. Ötən il müdafiədən oyunla rəqiblərinə sinə gərən və məhz buna qadir olan heyəti, həm də prinsipial rəqiblərin qeyri-sabitliyi şəraitində yaranan imkan uğurlara yol açırdısa, bu dəfə komandanın yeni oyun üslubuna keçmək niyyəti alınmır. Səbəbini elə ötənilki icmallarımızda da əyani göstərirdik. Komandanın Avropada yer alıb-almayacağı bəlli deyilkən, əslində, tutduğu mövqeyə görə ötən qış daha ciddi addımları ataraq, cəsarətli oynamalı idi. Bunu etmədiyindən yeni mövsümə daha fərqli qərarla getməli idi. Bunun üçün struktur yeniləşməyə də ehtiyac var idi. Əlbəttə, hələlik, bu klubun komanda kimi formalaşmasından dərin söhbət getmir. Lakin artıq bunun izlərini də görməliyik. Əks təqdirdə bu komanda da müvəqqəti klublar sırasında yer alaraq, bir gün ehtiyac olmadıqda, heç vaxt real olmayan bir kollektiv kimi yoxa çıxacaq.

"Kəpəz" haqqında da eyni sözləri hələ ötən çempionatın gedişində söyləyirdik. Komanda ikinci şansı Avropa səhnəsinə çıxanda əldə etdi, fəqət bu fürsəti də mərhələ keçilməsini toy-bayram etdiyi günlərdə fövtə verdiyini indi təsdiq etməyə başlayıb. Əfsuslar olsun ki, vəziyyəti dəyişmək üçün işarə də görünmür.

"Sumqayıt"ın artıq yerində saymağa başlamasının da səbəbi budur: komanda heç vəchlə böyümək istəmir. Ötən icmallarda qeyd etdiklərimiz, ələlxüsus da komandanın yerli futbolun ənənələrinə biganələyi fonunda, həm də məqsədsiz futbol göstərməsi onu yerində saymağa məcbur edir. İlk baxışda, hətta "İnter"lə son görüşdə də komanda heç də pis təsir bağışlamır, hətta "Qəbələ"dən də əzmlə xal qoparır. Lakin bütün bunlar effektsiz, təsirsiz qalır. Artıq düşünmək zamanı çatıb.

Ötən həftə məlum oldu ki, "Neftçi" bir tur öncə azarkeşə hücum etmiş futbolçusunu yola salır. 10-cu turdan sonra isə 5 legioneri də ikinci komandaya göndərir. Bunu, hətta pafosla elan edir. Bu çıxış yoludurmu? Bəlkə kluba gəlmiş yeni idarəetmə strukturlarının öz oyunçu siyasəti ilə yeni komanda qurmaq, adı altında köhnə heyətin tərkibini dəyişmək istəyinin nəticəsidir? Əgər bu sualları verməyə başlasaq, cavab axtarmağa da dəyməz. Çünki ikinci sual birincinin cavabı olacaq. Bəs idarəetmə strukturlarının başında dayanan qüvvə nə üçündür? Bu məsələləri "Turdan-tura" icmalımızın açıq sualına çevririk. Çünki əslində, icmalın lap əvvəlində toxunduğumuz söhbətin, yəni kələfin ucunu - problemlərin mənbəyini, səbəbini, məğzini, mahiyyətini göstərən məqamdır. Bu barədə də hələ danışmaq imkanımız olacaq.


Xəbər 1993 dəfə oxundu.