Kamran Ağayev: «Kimin nə sözü varsa, gəlib üzümə desin» - MÜSAHİBƏ
Azərbaycan milli komandası Dubay toplanışı çərçivəsində dünən ikinci yoldaşlıq görüşünə çıxdı. Rəqib «ay-ulduzlular»ımızın tarixində ilk dəfə qarşılaşdığı Hindistan yığması idi. Üstün oyun nümayiş etdirən futbolçularımız asiyalı tərəf-müqabilini 3:0 hesabı ilə üstələdi. Görüşdən sonra təcrübəli qapıçı Kamran Ağayev «İdman» qəzetinin və idman.com.az saytının Birləşmiş Ərəb Əmirliyinə ezam olunmuş əməkdaşına müsahibə verib.

- Kamran, oyun barəsində nə deyə bilrsən?

- Zəif rəqib olmur. Sadəcə, ağıllı və ağılsız futbol oynayanı var. Hamı meydana qələbə üçün çıxır. Bizə də həmçinin. Bu qələbə sənin, mənim yox, Azərbaycanınındır.

- Deyəsən, qapıda darıxırdınız?

- Əsl oyunlarda belə olmur. Güclü rəqiblərlə qarşılaşmada 2-3 qol anı olur. Gərək onda da bu şansdan istifadə edəsən.

- Sinqapurla oyunla müqayisədə, millimiz bu dəfə necə təsir bağışladı?

- Fikrimcə, Sinqapur komandası ilə də yaxşı oynadıq. Sadəcə, yaratdığımız fürsətləri istifadə edəirik. Bəla burasındadır. Bilirsiz, motivasiya söhbəti var. 2:2 hesablı nəticədən sonra tənqidə tuş gəldik. Bu nəticə qeydə alınmamalı idi. Hindistanla qarşılaşma isə yaxşı keçdi. Meydana daha məsuliyyətli çıxmışdıq. Bilirdik ki, uduzmaq olmaz.

- Sinqapur güclü idi, yoxsa Hindistan?

- Əlbəttə ki, Sinqapur.

- Bu matç öncəsi millimizin 5 futbolçusu daxili nizam-intizam qaydalarına riayət etmədiyi üçün, cəzalandı. Onlar Hindistanla görüşü kənardan seyr etdilər. Odnoklassniki.ru saytındakı şəkil qalmaqalına münasibətiniz?

- Mən belə şeylərə qarışmıram.

- Buna şərh verməyinizi istəmirik. Sadəcə, həmin hadisə komandaya necə təsir etdi?

- Yaxşı hal deyil. Bununla belə, bu haqda danışmaq istəmirəm. Çünki başım qalmaqaldan yeni qurtarıb.

- Sıxıntınız kiminlədir?

- Bilirsiz, yığmanın düşərgəsində klub barədə danışmaq düzgün deyil. 1 dəfə oynamayanda hamı məndən yazır. Belə şeylər mənə pis təsir edir. Zəng edib, telefonuma mənə belə şeyləri deməyi pisimə gəlir. Mən peşəkaram, idmançıyam. Gərək, bunu başa düşsünlər. Belə hadisələr mənə psixoloji təsir edir.

- Sizə zəng edən kimdir?

- Naməlum adamlardı, kim olduqları bilinmir. Kimin nə sözü varsa, gəlib üzümə desin. Klubun məşqçisi, həkimi var. Özümü pis etdiyimdən oynamamışam, burda qəbahət nə var ki?..

Kamran HACI

Xəbər 1256 dəfə oxundu.