Sərbəst güləş üzrə muxtar respublika birinciliyinin açılış mərasimi keçirilib
Oktyabrın 28-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinin açılış mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov açılış mərasimində çıxış edərək deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, idmana dövlət qayğısı artıb, onun maddi-texniki bazası daha da möhkəmləndirilib, müstəqil Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınıb. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvanda olimpiya-idman komplekslərinin, idman məktəblərinin, stadionların, muxtar respublikanın bütün məktəblərində idman zallarının tikilməsi gənclərin idmana marağını artırıb, istedadlı idmançıların yetişməsini təmin edib. Müasir idman infrastrukturunun, istedadlı idmançıların olması muxtar respublikada beynəlxalq turnirlərin, mötəbər idman yarışlarının keçirilməsinə əlverişli şərait yaradıb. Bütün bunlar həm də muxtar respublika idmançılarının müxtəlif yarışlarda, beynəlxalq turnirlərdə uğurla çıxış etməsinə imkan verib.

Bu sahədə yaradılmış güclü maddi-texniki bazanın idmana göstərilən dövlət qayğısının nəticəsi olduğunu bildirən Azər Zeynalov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyini açıq elan edib.
Sonra yarışlara start verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi və iki gün davam edəcək birincilikdə 60-dan çox güləşçi iştirak edir. İdmançılar 57, 61, 65, 70, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində birincilik uğrunda mübarizə aparırlar. Yarışın ilk günündə finalçıların adları məlum olub. Belə ki, 57 kiloqram çəki dərəcəsində Vəhdəd Əsədov, Murad Quliyev, 61 kiloqram çəki dərəcəsində Emin Məmmədov, Sadiq Səfərov, 65 kiloqram çəki dərəcəsində Uzal Hüseynov, Hüseyn Hacıyev, 70 kiloqram çəki dərəcəsində Oruc Bayramov, Məhərrəm Quliyev, 74 kiloqram çəki dərəcəsində Yasin Quliyev, Məzahir İsmayılov, 86 kiloqram çəki dərəcəsində Əli Muradov, Salam Qəribov, 97 kiloqram çəki dərəcəsində Röyal Nəcəfov, Elməddin Abdullayev, 125 kiloqram çəki dərəcəsində isə Bahadur Əhmədov və Salamullah İbrahimov həlledici görüşdə iştirak etmək hüququ qazanıblar.

Güləşçilər Cəmşid Naxçıvanskinin ev-muzeyini də ziyarət ediblər.

Xəbər 792 dəfə oxundu.