Azərbaycan “Böyük dəbilqə” turnirində 6 çəkidə 12 cüdoçu ilə təmsil olunur
Oktyabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürür.

Oktyabrın 30-dək davam edəcək yarışda Azərbaycan 6 çəkidə 12 cüdoçu ilə təmsil olunur.

Mehman Sadıqov (60 kq) ilk görüşünü almaniyalı Filip Qrafa qarşı keçirəcək. Eyni çəkidəki Oruc Vəlizadənin rəqibi isə fransalı Vensan Manke olacaq. Hər iki cüdoçu mübarizəyə səkkizdəbir finaldan qoşulacaq.

Yarışın ilk günündə İlqar Müşkiyev və Vüqar Şirinli (hər ikisi 66 kq) də mükafatlar uğrunda mübarizə aparacaqlar. İ.Müşkiyevin rəqibi moldovalı Denis Vyeru olacaq. V.Şirinli isə portuqaliyalı Sergey Oleyniklə üz-üzə gələcək.

Turnirdə 73 kiloqramda mübarizə aparan idmançılar sırasında Azərbaycanı Avropa çempionu və Olimpiya mükafatçısı Rüstəm Orucov, eləcə də Fəqan Quluzadə təmsil edəcəklər. R.Orucov mübarizəyə dörddəbir final mərhələsindən start verəcək. F.Quluzadə isə yoluna davam etmək üçün pakistanlı Nadim Akramdan üstün olmalıdır. F.Quluzadə mərhələ keçəcəyi təqdirdə, yarımfinal uğrunda R.Orucovla görüşməlidir.

Elvin Əhmədli (81kq) mübarizəyə onaltıdabir finaldan başlayacaq. O, növbəti mərhələyə yüksəlmək üçün almaniyalı Benjamin Munnixlə qarşılaşacaq. Qalib cüdoçu səkkizdəbir finalda rusiyalı İvan Vorobyova rəqib olacaq. Ruslan Fərruxzadə səkkizdəbir finaldan başlayacaq və ilk görüşünü monteneqrolu Srcan Mrvalyeviçə qarşı keçirəcək.

Yarışda 90 kiloqram çəkidə Tural Səfquliyev səkkizdəbir finalda Seyşel adalarını təmsil edən Nantenayna Finess ilə münasibətlərinə aydınlıq gətirəcək. Qalibin növbəti mərhələdəki rəqibi serbiyalı Aleksandr Kukol olacaq. Bu çəkidə yarışacaq digər idmançı Firudin Dadaşovun rəqibi isə serbiyalı Nemanya Maydovdur.

Turnirdə 100 kiloqram çəki dərəcəsində cüdoçularımız Elxan Məmmədov və Cəlil Şükürov yarışacaqlar. Dünya çempionu E.Məmmədov mübarizəyə dörddəbir finaldan qoşulacaq. Onun ilk rəqibi qazaxıstanlı Aybek Serikbayev və pakistanlı Vayahat Sarvar arasında keçiriləcək görüşün qalibi olacaq. C.Şükürov yarımfinala yüksəlmək üçün xorvatiyalı Zlatko Kumriçi yenməlidir.

Proqrama əsasən, bu gün 60, 66, sabah 73, 81, oktyabrın 30-da isə 90, 100 və 100 kiloqramdan yuxarı çəkilərdə görüşlər keçiriləcək.

Qeyd edək ki, yarışın mükafat fondu 154 min ABŞ dollarıdır. “Böyük dəbilqə”də 34 ölkədən 157 cüdoçu iştirak edəcək. Onlardan 96-sı kişi, 61-i isə qadındır.

Xəbər 849 dəfə oxundu.