Yeniyetmə sərbəst güləşçilərimiz moskvalı rəqiblərindən üstün olublar
Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin dəvəti ilə Rusiyada təlim-məşq toplanışında iştirak ediblər.

Məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığmamızın 6 üzvünün iştirak etdiyi təlim-məşq toplanışının sonunda yoldaşlıq görüşləri keçirilib. Moskva şəhərini təmsil edən 2 komanda ilə qarşılaşan yığmamız 6:0 və 5:1 hesablı qələbə qazanıb.

2000-2001-ci il təvəllüdlü idmançılar arasında keçirilən yoldaşlıq görüşü zamanı yığmamızı Tofiq Əliyev (42 kq), Ramiz Həsənov (46 kq), Mahir Məmmədzadə (50 kq), Vüsal Hüseynov (54 kq), Hacıağa Məmmədov (58 kq) və Vahid Əlizadə (63 kq) təmsil ediblər.

Xatırladaq ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin hər iki paytaxt şəhər arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə əldə etdiyi razılıq əsasında baş tutan qarşılıqlı səfərlər çərçivəsində Moskva idmançıları ötən il şəhərimizin qonağı olublar.

Xəbər 758 dəfə oxundu.