Respublika Velotrekində mövsümün son yarışı keçirilib
Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib.

Yarışda müxtəlif klub və cəmiyyətlərin 50-dən artıq idmançısı iştirak edib.

Qızların mübarizəsində ilk 3 pillədə 8 nömrəli Olimpiya İdman Məktəbinin velosipedçiləri qərarlaşıblar. Viktoriya Sidorenko birinci, Ayan Xankişiyeva ikinci, Elfanə Camalova isə üçüncü yeri tutub.

On beş yaşadək oğlanların yarışı Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsi ilə yekunlaşıb. Onun komanda yoldaşı Natiq Maydarov üçüncü olub. İkinci yerdə isə 8 nömrəli Olimpiya İdman Məktəbinin təmsilçisi Vəli İbrahimov qərarlaşıb.

U-17 yaş kateqoriyasında Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin yetirməsi İvan Orlov hamını qabaqlayıb. Adı çəkilən məktəbin digər üzvləri Nicat Bağırov ikinci, Qadir Mustafayev isə üçüncü olublar.

Gənclər, U-23 və elit kateqoriyasında fəxri kürsünün ilk 3 pilləsinə 8 nömrəli Olimpiya İdman Məktəbinin velosipedçiləri Maksim Naperstkov, Mikayıl Səfərli və Kənan Qəhrəmanlı qalxıblar.

Qalib və mükafatçılar qiymətli hədiyyələr və pul mükafatı ilə təltif ediliblər.

Xəbər 677 dəfə oxundu.